Tarixçi alimin kitab kolleksiyasının təqdimatı keçirilib

  • By admin
  • 03 Noyabr 2017 14:26

Tarixçi alim Seyidağa Onullahinin MEK-ə hədiyyə edilmiş kitab kolleksiyasının
təqdimatı keçirilib.

Gununsesi.info-ya verilən xəbərə görə AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK)
təşkilatçılığı ilə tanınmış tarixçi alim Seyidağa Onullahinin ailəsi tərəfindən MEK-ə
hədiyyə edilmiş kitab kolleksiyasının təqdimatı keçirilib.
MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü MEK-də
ənənəvi olaraq keçirilən kolleksiya təqdimatlarının önəminə xüsusi diqqət çəkib.
M.Göyüşlü bildirib ki, məqsəd kitabxana fondlarında qorunan zəngin ədəbiyyatın
elmi ictimaiyyətin, geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq, kitaba olan
sevgini artırmaqla yanaşı, həm də, elmi-ictimai yenilikləri təbliğ etməkdir.
Təqdimatları izləmək istəyən şəxslərin mek.az saytına və MEK-ə məxsus olan sosial
şəbəkələrə baxa biləcəyini vurğulayan M.Göyüşlü şəxsi kitab kolleksiyasını
kitabxanaya bağışladığına görə görə alimin ailəsinə minnətdarlığını bildirib. O, eyni
zamanda MEK-də icra olunan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsindən də söz
açıb.

Seyidağa Onullahinin şəxsi kitab kolleksiyasından seçmələri MEK-in
Komplektləşdirmə bölməsinin əməkdaşı Reyhan Məmmədova təqdim edib. Qeyd
olunub ki, MEK-ə 2017-ci ilin fevral ayında daxil olan kolleksiyada 90-a yaxın kitab
mövcuddur. Əsasən tarix, ədəbiyyat, coğrafiya və digər ixtisas sahələrinə aid
mənbələrin daxil olduğu kolleksiya MEK-in humanitar elmlər üzrə yardımçı fondunda
mühafizə olunur. Kolleksiyadan bir çox kitab məzmun və xarakterinə görə MRY
bazasına daxil edilib. “Füyuzat ədəbi məktəbi”, Ziya Bünyadovun redaktorluğu ilə
ərsəyə gələn “Историческая география Азербайджана”, M.Nemətovanın müəllifi
olduğu “Мемориальные памятники Азербайджана”, xalq rəssamı Lətif Kərimovun
“Азербайджанский ковер”, Türk-Oğuz ədəbi qəhrəmanlıq dastanı olan “Dədə
Qorqud”, Məşrutə hərakatını əks etdirən “Sərdari milli Səttərxan”, Mircəfər
Pişəvərinin “Seçilmiş əsərləri”, tədqiqatçı Səməd
Sərdarniyanın “İrəvan – bir müsəlman vilayəti idi” və s. əhəmiyyətli kitablar bu
qəbildəndir.

BDU-nun Arxeologiya kafedrasının müdiri, professor Qüdrət İsmayılzadə təqdim
olunmuş kitab kolleksiyasının zənginliyini S.Onullahinin geniş elmi dünyagörüşü ilə
əlaqəli olmasıyla izah edib. Alimin tarix elmindəki xidmətlərinin, elmi-ictimai
fəaliyyətinin milli qayədən bəsləndiyini vurğulayan Q.İsmayılzadə MEK-də bu
təqdimatların ənənəvi hal almasını təqdirəlayiq hesab edib.
BDU-nun Tarix fakültəsinin dekan müavini, professor Sevda Süleymanova professor
Seyidağa Onullahinin Azərbaycan tarix elminə verdiyi töhfələrdən danışıb.
Professorun Cənubi Azərbaycan tarixşünaslığının yaradılmasında, mənbəşünaslıq
sahəsində, farsdilli mənbələrin Azərbaycan dilinə tərcümə edilməsindəki əməyini
xüsusi qiymətləndirən S.Süleymanova kolleksiyaya yetirilən diqqətə və təqdimatın
təşkilinə görə Mərkəzi Elmi Kitabxana rəhbərliyinə təmsil etdiyi kollektiv adından
təşəkkürünü bildirib.

Sonda professorun ailə üzvlərindən – qızı Leyla Onullahi, gəlini İlhamə Abdullayeva,
nəvəsi Ülkər Səfərova çıxış edərək kolleksiyaya yetirilən diqqətə və keçirilən
təqdimata görə MEK kollektivinə öz minnətdarlıqlarını bildiriblər.
Professor Seyidağa Onullahi 26 avqust 1925-ci ildə İranın Astara şəhərində anadan
olmuş və orta məktəbi fars dilində bitirmişdir. O, 1945-46- cı illərdə Cənubi
Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və “21 Azər” medalı ilə təltif
olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur qalaraq
Azərbaycana pənah gətirmiş S.Onullahi 1952-ci ildə Gəncədə Zərdabi adına Pedaqoji
İnstitutun tarix fakultəsini bitirmiş, Ağstafada dərs hissə mudiri, direktor vəzifələrində
çalışmışdır. 1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin
aspiranturasına daxil olaraq, 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq
dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə isə professor titulunu almışdır. 1962-ci
ildən AMEA-nın Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsində kiçik, baş və aparıcı
elmi işçi vəzifələrində çalışmış S.Onullahi 2001-ci ildən ömrünün sonuna kimi BDU-
nun “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasının müdiri vəzifəsində
işləmişdir. Onun elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün
başlıça problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə monoqrafiyanın və
100-dən artıq elmi məqalənin müəllifi olmuş professor 2004-cü ildə Bakıda vəfat
edib.


Gülnaz Qənbərli
Gununsesi.info