Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Mədəniyyət Nazirliyinin fəaliyyətini sərt tənqid edib.
Gununsesi xəbər verir ki, deputat Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, bu qurumun yüksək vəzifəli məmurlarının cinayət əməllərindən mədəniyyət naziri kimi Əbülfəs Qarayevin xəbərsiz olmasını düşünmək sadəlövhlük olardı:
“Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində bəzi yaramaz icra başçılarının korrupsiya əməllərindən və qanunsuz hərəkətlərindən söz açaraq, onlara qarşı ciddi tədbirlər görüləcəyini bildirdi. Eyni zamanda söylədi ki, bu cür hallar bir sıra mərkəzi icra orqanlarında da var və bununla bağlı araşdırmalar gedir.
Təbii ki, cəmiyyətimiz Prezidentimizin bu çağırışından sonra Dövlət Təhlükəsizliyi Xidmətinin növbəti arzulanan əməliyyatını gözləyirdi. Artıq çox keçmədən məlum oldu ki, mədəniyyət nazirinin müavini və həmin nazirliyin tabeliyində olan ciddi bir idarənin rəhbəri qanunsuz hərəkətlərlə məşğul olur, rüşvət və korrupsiya burada adi hala çevrilib. Şübhəsiz ki, bu qurumun yüksək vəzifəli məmurlarının cinayət əməllərindən mədəniyyət naziri kimi Əbülfəs Qarayevin xəbərsiz olmasını düşünmək sadəlövhlik olardı”.
Deputat qeyd edib ki, Mədəniyyət Nazirliyinin himayəsində olan bir çox tarixi və mədəniyyət abidələrimiz məhv olmaq ərəfəsindədir:
“Çox ciddi sahəyə rəhbərlik edən Əbülfəs Qarayevin uzun illərdən bəri fəaliyyətinə diqqət yetirək. Faktiki olaraq, nazirliyin himayəsində olan bir çox tarixi və mədəniyyət abidələrimiz məhv olmaq ərəfəsindədir. Dəfələrlə bununla bağlı kütləvi informasiya vasitələrində məlumatlar dərc olunub. Lakin Mədəniyyət Nazirliyinin bu baxımdan hər hansı reaksiyasının şahidi olmamışıq.
Vaxtilə yüksək səviyyəli kino ənənələri olan bir ölkənin kinosu çox pis vəziyyətə salınıb. Bir sıra telekanallarda nümayiş etdirilən seriallar da çox qeyri-peşəkar hazırlandığı üçün tamaşaçıların diqqətini cəlb etmir”.