Ermənilərin azərbaycanlılara qarşı 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyasda törədilib.
“Report”un yerli bürosu xəbər verir ki, erməni daşnakları Naxçıvanın təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetiriblər.
Culfa rayonunun Yaycı kəndində isə misli görünməmiş vəhşiliklər törədilib. Həmin qanlı faciələri gözü ilə görən şahidlər artıq dünyalarını dəyişib. Lakin hadisələri nəql etdikləri doğmaları Yaycı soyqırımından ürək yanğısı ilə danışırlar.
Yaycı sakini Hüseyn Süleymanov atasının dediklərini belə xatırlayır: “Atam deyərdi ki, ermənilər evlərə girərək, qadınlara, qocalara, uşaqlara rəhm etmirdilər. Canını qurtarmaq istəyən qadınları, hamilə qadınları xəncərlə vurub bətnindəki uşağı öldürürdülər”.
H.Süleymanov onu da əlavə edib ki, atasının əmisi soyqırımı qurbanlarındandır:
“Onun bütün ailəsini ermənilər öldürdülər. Yaycı kəndində ermənilər tərəfindən ürəyinə xəncər batırılmayan adam qalmadı. Bu, bizim heç vaxt yadımızdan çıxmaz, biz o xatirələri unutmarıq. Bu Yaycı kəndinin yaxınlığında Aza kəndi var. Atam deyərdi ki, oradakı adamların kürəyinə samovar, özünü isə ağaca bağladılar, içinə odun töküb, tədricən onları yandıraraq öldürdülər”.
Həmin qanlı günlərin şahidlərindən biri də Yaycı kənd sakini Yasəmən Süleymanovadır. Hadisələr baş verəndə onun 7 yaşı var idi. 1990-cı illərdə dünyasını dəyişən Yasəmən Süleymanovanın yaşadıqlarını gəlini Rübabə Bayramova ürəkağrısı ilə danışır: “Qaynanam deyirdi ki, bir erməni qılıncla onun qolundan vuraraq iki yerə doğrayıb. Ondan sonra sağ qalmaq üçün ölülərin arasında gizlənib. Onun 7 bacısının aqibəti isə fərqli olur. Kimi Arazın sularına qərq olur, kimi də düşmən gülləsinə tuş gəlir”.
Yaycı sakini Həcər Abidinova isə hadisələri belə xatırlayır: “Bibimin ayağını vurub yaraladılar, Safiyə xalamın qarnındakı uşağı çıxarıb öldürdülər… Özünü də, uşağı da atdılar Araza. Heç qəbiri də yoxdur”.
Qeyd edək ki, 1918-ci ildə Naxçıvan qəzasının ən iri yaşayış məntəqələrindən sayılan Yaycı kəndi erməni Andronikin quldur dəstələrinin qəfil hücumuna məruz qalıb. İran ərazisindən Culfaya adlayan və Naxçıvanı qısa bir vaxtda işğal etmək qəsdinə düşən Andronik gözlənilmədən Yaycıya hücum çəkib, evlərə od vuraraq yandırıb, əhalini qılıncdan keçirib. Təxminən, 2 500 sakin amansızlıqla qətlə yetirilib.
Gununsesi.info