13–15 fevral 2026-cı ildə Münxendə keçirilən Münxen Təhlükəsizlik Konfransı tarixə yeni sözlərin səsləndirilməsi ilə deyil, uzun illərdən sonra Avropanın ilk dəfə konkret addımlar haqqında danışmağa başlaması ilə düşə bilər.

2007-ci ildə məhz bu zalda Rusiya Prezidenti Vladimir Putinin çıxışı səslənmişdi — Qərbə açıq çağırış, müharibədən sonrakı nizamın yenidən nəzərdən keçirilməsi və təsir dairələri siyasətinə qayıdış bəyanatı. O zaman bir çox Qərb liderləri bunu sadəcə Kremlin sərt ritorikası kimi qəbul etməyə üstünlük verdilər. Bu illüziyanın bədəli isə olduqca ağır oldu.

Münxen Konfransının ideyası “Soyuq müharibə”nin qızğın dövründə formalaşdı və onilliklər boyu Qərb dünyası liderlərinin mövqelərini uzlaşdırdığı əsas platforma oldu. Sovet İttifaqının dağılmasından sonra qarşıdurma dövrünün başa çatdığına dair yanlış inam yarandı. Liberal demokratiyanın siyasi təkamülün son mərhələsi olduğu iddia edildi və Frensis Fukuyamanın “Tarixin sonu və son insan” əsəri bu yanaşmanın intellektual əsasına çevrildi. Nəticədə Rusiya təbii şəkildə Qərb koordinat sisteminə inteqrasiya edəcək dövlət kimi qəbul olundu. Moskva imperiya təfəkkürünü sökmədən Qərb formatlarına daxil edildi və illüziya strategiyanı əvəz etdi.
Bu strateji sadəlövhlük sonradan ağır nəticələr doğurdu. 1994-cü ildə imzalanmış Budapeşt Memorandumu həmin dövrün ən rüsvayçı simvoluna çevrildi. Ukraynaya təhlükəsizlik təminatları vəd edildi, lakin sənəd real məcburetmə mexanizminə malik deyildi. 2007-ci ildə Münxendə səslənən xəbərdarlıqdan sonra Gürcüstan müharibəsi baş verdi, 2014-cü ildə Krım ilhaq olundu, Donbasda müharibə başladı. Buna baxmayaraq, Avropa həm sanksiyalar tətbiq etdi, həm də “Şimal axını” layihələri ilə enerji asılılığını dərinləşdirdi. Bu, müasir formada sakitləşdirmə siyasəti idi — iqtisadi baxımdan rahat, strateji baxımdan təhlükəli.

Tarixdə oxşar səhvlər artıq yaşanıb. 1938-ci ildə Münxendə Adolf Hitleri güzəştlərlə sakitləşdirmək cəhdi nəticədə böyük müharibəyə yol açdı. Güzəştlər aqressoru zəiflətmədi, əksinə gücləndirdi. Strateji özünü sakitləşdirmə mexanizmi müxtəlif dövrlərdə fərqli formalarda təkrarlansa da, nəticə dəyişmir.
24 fevral 2022-ci il bütün illüziyaları dağıtdı və Münxen artıq dəyişmiş reallıq fonunda keçirilməyə başladı. 2026-cı ildə Almaniya kansleri Fridrix Mertsin çıxışı son iyirmi ilin ən sərt Berlin bəyanatlarından biri kimi səsləndi. Diplomatik balans deyil, məsuliyyət mesajı verildi. Kanslerin nitqində Polşanın xarici işlər naziri Radoslav Sikorskinin məşhur fikri xatırlandı: “Mən Almaniyanın gücündən yox, fəaliyyətsizliyindən qorxuram”. Bu, tərəfdaşlara və rəqiblərə ünvanlanan açıq siqnal idi.

ABŞ Dövlət katibi Marko Rubionun çıxışı da eyni xətti davam etdirirdi və Avropadan daha böyük məsuliyyət tələb olunduğunu göstərirdi. Münxenin real dönüş nöqtəsinə çevrilib-çevrilməyəcəyi isə əsas sual olaraq qalır. Sakitləşdirmə siyasəti ilk atəş səsləri eşidilənədək rasional görünür. Lakin zəifliyin bədəli həmişə qətiyyətin bədəlindən ağır olur. Tarix artıq kifayət qədər xəbərdarlıq edib.

Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin dediyi kimi:
“Bir ölkə müharibə ilə rüsvayçılıq arasında seçim edərkən rüsvayçılığı seçirsə, həm müharibəni, həm də rüsvayçılığı əldə edir”.(todaypress)
Ramiz Yunus
Xəzər Universitetinin siyasi elmlər üzrə professoru












