“Tarqovı”nın ətrafındakı küçələrdə də maşınlara qadağan qoyulacaq

  • By admin
  • 09 Mart 2024 12:36

Bir neçə gün əvvəl Bakının mərkəzində yerləşən Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb. Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Xaqani bağının ətrafına üç istiqamətdən avtomobillər üçün məhdudiyyət qoyulub.

Gununsesi.info-nun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Mətin Hüseynov bildirib ki, yeni layihə ilə əlaqədar ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub.

“Növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək”, – açıqlamada bildirilir.

Şəhərdə piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyi  artırmaq üçün daha hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı modern.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu addım ərazidə sıxlığın aradan qalxmasına səbəb olacaq:

“Həmçinin piyadalar da sərbəst şəkildə hərəkət edə biləcəklər. Bu addım şəhərdə mobilliyə, həm də piyada yönümlü şəhər istiqamətində atılan addımların tərkib hissəsidir. Son illər piyadalara fərqli münasibət sərgilənməyə başlanıb. Etiraf etməliyik ki, bundan əvvəl piyadaların yol hərəkətində təşkili çox ciddi şəkildə nəzərə alınmırdı. Xaqani küçəsinə avtomobillərin  daxil olmasına məhdudiyyət qoyulması  çox təqdirəlayiq haldır. Düşünürəm ki, bu addım orda heç bir tıxaca da səbəb olmayacaq. Onsuzda orada nəqliyyat  vasitələrinin gediş-gəlişi o qədər yox idi.  Sadəcə ora gələn insanlar və orada  yaşayan insanlar avtomobillərini park edirdilər. Bu əraziləri daha da çoxaltmağa ehtiyac var. Ona görə də avtomobillərin girişi məsələsini bəzi ərazilərdə də genişləndirmək məqsədə uyğun olardı”.

Nəqliyyat eksperti hesab edir ki, “Fəvvarələr meydanı” deyilən ərazinin ətraf küçələrinə də nəzər yeritirmək lazımdır:

“Diqqətlə baxmaq, hərəkətin intensiv  olmadığı bu kimi küçələri də genişləndirmək vacibdir. Burada tək onu nəzərə almaq lazımdır ki, yerli əhalinin avtomobillərini park etməyə dayanacaqları yoxdur.  Bu dayanacaq uzaq məsafədədir. Öncə bu məsələni həll etmək daha məqsədə uyğun olardı”.

 

Gununsesi.info