Gürcüstanın paytaxtı Tbilisidə yerləşən və Ermənistan vətəndaşlarına məxsus olan “Kalakuri” və “Roial” gecə klublarında sifariş edilən xidmətlərə görə turistlərdən külli miqdarda pul tələb edən fırıldaqçı mütəşəkkil dəstənin 13 üzvü saxlanılıb.
Gununsesi.info gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxslərdən 3-ü Ermənistan, 10-u isə Gürcüstan vətəndaşıdır. Nazirlik müttəhimlərin turistləri aldatma, hədə-qorxu, fiziki və psixoloji təzyiq yolu ilə sifariş etdikləri xidmətlərə görə reallığa uyğun olmayan külli miqdarda pul ödəməyə məcbur etdiklərini bildirir.
Klublarda aparılan axtarışlar nəticəsində cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 980 lari, 2 712 ABŞ dolları, 1 815 avro, 64 500 rubl, 500 İsveçrə frankı, 712 Ərəb dirhəmi və 3 550 Avstraliya dolları maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış zamanı isə mobil telefonlar, bank kartları və müxtəlif sənədlər də götürülüb.
Faktla bağlı, Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Gununsesi.info