Tbilisidə noyabrın 4-də müxalifət partiyaları parlament seçkilərinin nəticələrinə etiraz aksiyası keçiriblər.
Gununsesi.info xəbər verir ki, “Exo Kavkaza”nın məlumatına görə, aksiyanın təşkilatçıları Dəyişikliklər Naminə Koalisiya, Birlik-Milli Hərəkat Koalisiyası və Güclü Gürcüstan Koalisiyalarıdır. Mitinqdə müxalifətin fəaliyyət planını açıqlayacağı bildirilir.
Dəyişikliklər Naminə Koalisiyasının lideri Nika Qvaramiya, tərəfdarlarından çadırlar gətirməsini istəyib və etirazların davamlı olacağına eyham vurub. Lakin hakim Gürcü Arzusu Partiyasının lideri Mamuka Mdinaradze çadır qurma cəhdinin polislə toqquşmaya səbəb ola biləcəyini vurğulayıb.
Mitinqdə Nika Meliya da çıxış edərək, gündəlik aksiyalar təşkil edəcəyini və “rejimi devirmək” üçün güclü etiraz hərəkatı yaradacaqlarını bəyan edib. Sosial şəbəkələrdə isə isveçli ekoaktivist Qreta Tunberqin də mitinqdə olduğu bildirilir. Eyni zamanda, bəzi insanlar mitinqin gözləniləndən kiçik olduğunu ifadə ediblər. Hökumət hələlik müxalifətin aksiyasına reaksiya verməyib.