
Tbilisi Şəhər Məhkəməsi “xarici agentlər” haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı saxlanılan sonuncu etirazçını da sərbəst buraxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Martın 8-nə keçən gecə saxlanılan Tornike Akopaşvili 1100 dollar həcmində girov müqabilində azadlığa buraxılıb.
O, polisə hücum etməkdə ittiham olunur və onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Akopaşvili isə öz növbəsində təqsirkar olmadığını bildirir.
Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb. Gürcüstan DİN isə aksiyalar zamanı saxlanılan bütün etirazçıların sərbəst buraxıldığını açıqlamışdı.
Gununsesi.info