Gürcüstanda saxlanılan bütün etirazçılar sərbəst buraxıldı -YENİLƏNDİ

  • By admin
  • 09 Mart 2023 21:52

Gürcüstan parlamenti qarşısında saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilir ki, martın 7-də və 8-də Tbilisi şəhərində parlament binası yaxınlığında saxlanılan şəxslər azadlığa çıxıb.

“İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalanları qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, – açıqlamada deyilir.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdünüyü elan edib. Aksiyalar zamanı 130-dan artıq şəxsin saxlanıldığı qeyd olunur.

21:12

Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası yaxınlığında yenidən etiraz aksiyası başlayıb.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, etirazçılar şəhərin mərkəzi prospektində toplaşıb.

Onların tələbləri arasında saxlanılan etirazçıların azad edilməsi əsas yer alıb.

Parlament binasının yaxınlığında bir neçə min insan toplaşıb, hazırda ərazi dolmaqda davam edir.

Aksiyada Gürcüstanın və Avrropa İttifaqının himnləri səsləndirilib. Əraziyə çox sayda polis və təcili tardım maşınları cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Gununsesi.info