Tbilisidə gənc rəssamın sərgisi təşkil olunub

  • By admin
  • 18 May 2022 16:00

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Marneulili rəssam Günel Zeynalovanın fərdi sərgisi keçirilib.

Gununsesi.info bildirir ki, bu barədə marneulifm.ge yazıb.

“Baharın rəngləri” adlı sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin maddi dəstəyi ilə həyata keçirilib. Zeynalova deyir ki, o, çəkdiyi əsərlərdə rəngarəngliyə üstünlük verir. Buna görə də, o, sərgini bu şəkildə adlandırmağa üstünlük verib.

“Sərgimin mövzusu “Baharın rəngləridir” baharın gəlişi ilə əlaqədardır. Mən bir az rənglərlə daha çox işləyən rəssamam. Buna görə də düşündüm ki, baharın rəngləri olması daha yaxşıdır. Sərginin keçirilməsi mənim fikrim idi. Çoxdandır ki, istəyirdim, sərgi keçirim. Muzeyə təklif etdim və dəstək oldular, çox sağ olsunlar.“

Rəsmin gözəlliklərindən danışan gənc rəssam rəsm çəkməyi yeriyə bilməyən uşağın ayağa qalxıb yerimək cəhdinə bənzətdi.

“Yeriyə bilməyən uşağın yeriməyə cəhd etməsi, onu istəməsi rəsmin gözəlliyi kimidir. Yeriyə bilməyən kənardan yeriyən uşaqlara baxır, istəyir, onlar kimi yeriyə, ayağa qalxmaq istəyir, amma hələ yeriyə bilmədiyi üçün bunu edə bilmir. Rəsm də elə bir şeydir. Sən yeriyə bilirsənsə, bacarırsansa, sən bu sahədə qeyri-adi şeylər, möhtəşəm əsərlər yarada bilirsən. Ona görə də rəsm təhsili çox vacibdir. Bir müəllimə kimi tələbələrimə bunu çox deyirəm. Təhsili olmayan rəssam hər nə qədər özü üçün əsərlər çəksə də, doğruluğu bilməyən həmişə səhvin üstündə davam edəcək. Buna görə də insan gərək düzgünü bilsin ki, orada hansısa bir səhvi də edə bilsin. Düzgünü bilməyən həmişə səhv edə-edə davam edəcək. Həvəskar rəssamlardan danışıram.”

Rəngarəngliyə üstünlük verdiyini deyən Zeynalovanın sözlərinə görə, rəssamlar əsasən sakit ruhlu olurlar. Buna səbəb isə onların daim rənglərlə işləməsidir.

“Rənglərlə işləmək insanı çox sakitləşdirir. Hətta bir çox psixoloji mərkəzlərdə psixoloji xəstə insanlara rəsmlə terapiya verirlər. Bu insanı çox sakitləşdirir. Ətrafınızda olan rəssamlara fikir vermisinizsə, çox sakit insanlardır, hiperaktiv də ola bilərlər, amma ruh olaraq çox sakitdirlər. Çünki onların ruhunu həmişə rənglər, rəsm qidalandırır. Buna görə də rəssamlar çox sakit insanlardırlar. Buna mən də daxiləm.”

 

Marneulidən olan tələbələri haqqında danışan Günel Zeynalova deyir ki, hazırda onun 65 nəfərə yaxın tələbəsi var. O, hər 1-2 aydan bir tələbələrinin dəyişdiyini və yeni tələbələri qəbul etdiyini bildirir. O, Marneulili tələbələrin incəsənətə marağının çox olduğunu vurğuladı. Rəssam təəssüf hissi ilə qeyd etdi ki, Marneulidə incəsənətə marağın çoxluq təşkil etməsinə baxmayaraq bu sahədə yeniliklər etmək mümkün deyil. Səbəb isə buna yetərli şəraitin olmamasıdır.

“Bunu çox rahatlıqla deyə bilərəm ki, Marneulinin incəsənətlə, rəsmlə maraqlanan tələbələri, şagirdlərinin hamısı mənim tələbələrim olub. Hazırda rəsmə, incəsənətə maraq, tələb çoxdur. Çox təəssüf ki, bu sahədə Marneulidə nə isə yaratmaq hələ mümkün deyil. Amma çox istəyərdim ki, incəsənət, rəsm daha da inkişaf etməyi üçün bu sahə üzrə nə isə edək, tələbələrə şərait yaradaq. Düzdür, “Çay Evində”, “Qrinviçdə” hazırda rəsm kursları var, iki yerdə də dərs keçirəm. Sadəcə olaraq bizə bəzi klublar, şərait lazımdır ki, daha da bu sahəni inkişaf etdirək. Çox istəyərəm ki, bu sahədə bizə kimsə dəstək olsun və incəsənət inkişaf etsin.”

Zeynalova Marneulidə, çalışdığı “Çay Evində” və “Qrinviç Təhsil Mərkəzində” yer məhdudiyyətlərinin olduğunu və buna görə də əlavə tələbə qəbul edə bilmədiyini deyir. Onun sözlərinə görə, valideynlər azyaşlı uşaqlarını kursa yazdırmaq üçün tez-tez müraciət edirlər. Lakin bir otaqda 15-30 nəfərlik stollarda dərslərin keçirildiyi üçün o, yeni tələbələrin qəbulunda çətinliklə qarşılaşdığını deyir.

Günel Zeynalova uşaq yaşlarından rəsmə maraq göstərdiyini deyir. O, – Məni mən yox, Rahilə müəlliməm kəşf etdi – deyir.

Rəssamın sözlərinə görə, o, məktəb illərində müəllimələrinin portretlərini çəkməyə başlayıb. Daha sonra isə onun bu istedadı müəlliməsi Rahilə Nurməmədovanın marağını çəkib.

Beləliklə, Zeynalova ilk dəfə, müəlliməsinin təklifi ilə Marneulidə yerləşən “Çay Evində” rəsm kursuna başlayıb. Daha sonra isə o, 2016-2020-ci illərdə Bakı şəhərinə gedib və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alıb. Hazırda isə Marneulidə fəaliyyət göstərir. Onun ən sevdiyi rəssam isə dünya şöhrətli Salvador Dalidir.

Gununsesi.info