Tbilisidə rusiyalı öldürüldü: Ermənistan vətəndaşı saxlanıldı

  • Müəllif: Orxan
  • 29 Avqust 2026 10:08

Tbilisinin mərkəzində Rusiya vətəndaşını öldürməkdə şübhəli bilinən Ermənistan vətəndaşı polis əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadən “Gürcüstan Online” məlumat yayıb.

Məlumata görə, iki xarici ölkə vətəndaşı arasında münaqişə baş verib. Münaqişə zamanı onlardan biri digərinə soyuq silah və küt alətlə xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb.

Yaralı şəxs hadisə yerində ölüb.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, şübhəlinin şəxsiyyəti əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində müəyyən edilib və o, saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə istifadə edildiyi ehtimal olunan aləti də götürüblər.

Qeyd edək ki, daha əvvəl qətlin Tbilisinin mərkəzində, Baratşvili parkı ərazisində baş verdiyi bildirilmişdi. Məlumata görə, saxlanılan şəxsin təxminən 60 yaşı var.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Həmin maddə ilə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Gununsesi.info