Xəbər verdiyimiz kimi, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bu il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilir.
Maraqlıdır, TDT hansısa regional və qlobal aktorları narahat edə bilərmi?
Türk Dövlətləri Təşkilatının (TDT) birliyi bir sıra regional və qlobal aktorları narahat edə bilər. Bu narahatlıqlar müxtəlif səbəblərdən qaynaqlanır. Məsələn, geosiyasi balans, iqtisadi maraqlar, enerji resurslarına çıxış, mədəni-siyasi təsir zonalarının dəyişməsi.
Rusiyanı bundan narahat olan güclər sırasına aid etmək olar. Bəs buna səbəblər nədir?
Çünki TDT hər şeydən əvvəl postsovet məkanında – xüsusilə Mərkəzi Asiyada – Rusiyanın təsirini azalda bilər. Axı Rusiya bu regionu “öz təsir dairəsi” hesab edir. Üstəlik, Türkiyənin regionda artan təsiri, Rusiyanın təhlükəsizlik və iqtisadi maraqları üçün potensial riskdir.
Burada tək narahatlıq yox, rəqabət faktorları da var. Məsələn, Çin “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə Orta Asiyada ciddi investisiyalar edib.TDT-nin güclənməsi və əməkdaşlığın artması, Çin üçün rəqabət yarada bilər.
Əsas narahatlıqlardan biri isə İran tərəfindən ola bilər. Çünki Türk dövlətlərinin birliyi İranın türkdilli azlıqları (xüsusilə Cənubi Azərbaycan türkləri) arasında milli oyanışı təşviq edə bilər.
Əlbəttə, Qərb faktorunu da nəzərdən qaçırmaq olmaz. Çünki bəzi Qərb dairələri üçün TDT-nin güclənməsi və müstəqil regional güc kimi formalaşması qeyri-müəyyənlik yarada bilər.
Bir sözlə, TDT-nin birliyi və güclənməsi, Türk dünyası üçün strateji və tarixi əhəmiyyətə malikdir, lakin bu proses bir sıra böyük güclərin maraqları ilə toqquşduğu üçün geosiyasi rəqabət və diplomatik manevrləri də özündə daşıyır.
Afət













