“Teatr zibil torbası asılmaq üçün qoyulan asılqandan başlayır” - BAKI BƏLƏDİYYƏ TEATRININ MÖVCUD VƏZİYYƏTİ (FOTOLAR)

  • By admin
  • 18 Mart 2017 12:10

 unnamed (5)

1990-cı ildə əsası Xalq artisti Amaliya Pənahova tərəfindən qoyulan Bakı Bələdiyyə Teatrının uzun illərdir ki, binası yoxdur.

Teatr 15 il Şəhriyar adına Mədəniyyət Sarayının binasında fəaliyyət göstərib. Lakin sonradan teatr  oradan çıxarılıb və “Dostluq” kinoteatrının binasına köçürülüb. Bakı Bələdiyyə Teatrı artıq 7 ildir ki, “Dostluq” kinoteatrının binasına sığınıb.

Gununsesi.info-nun əməkdaşı teatrın binasında olub və bugünkü vəziyyətindən foto-reportaj hazırlayıb. 

Bakı Bələdiyyə Teatrı artıq 7 ildir ki, “Dostluq” kinoteatrının binasına sığınıb deyəndə ki, yalnız onlara verilən hissədə buranın adıçəkilən teatra məxsus olduğunu təsdiqləyən tablo vurulub, vəssalam.  Yəni, bu hissədə teatr sözünün “T” hərfindən heç nə yoxdur. Toz basmış otaqlar, qırıq-sökük qrim otağı, qədim Bakıdakı hamam otaqlarının ümumi geyinib-soyunma otağını xatırladan, üzərini toz və ərp basmış, aktyor üzünə həsrət, 3-4 qədim güzgünün yerləşdiyi, qapısı taybatay açıq qalan kiçik hücrə. Otaqlara baş çəkdikcə gördüyümüz cansıxıcı mənzərə təəssüf hissi doğurur.  Bu otaqlarda 7 ilin tozu yığılıb. Küncdə üzərinə qırıq saxsı qablar düzülən kökdən düşmüş piano, divarda illərin geridə qoyduğu hansısa günə təyin edilən tamaşanın afişası… 

unnamed (14)

Və açılan qapıdan görünən asılqanda ilişib qalmış zibil və tullantıların yığıldığı sellofan torba… 

Bəli, Bakı Bələdiyyə Teatrında Stanislavskinin şüarına  əməl olunub.  Teatr asılqandan başlayıb. Amma bax belə… Teatr zibil torbası asılmaq üçün qoyulan asılqandan başlayır. 

Qapıda məni qarşılayan gözətçinin sözlərinə görə, Amaliya Pənahova heç vaxt buraya gəlmir. Əvəzində aradabir bacısı gəlib baş çəkib gedir. 

Teatrın binasında fəaliyyət başında olan yeganə əməkdaşı –  mühasibinin sözlərinə görə, aktyorların bu arada fəaliyyət göstərməsi üçün şərait yoxdur. Teatrın rəhbəri Xalq artisti Amaliya Pənahova şəhərin mərkəzində yerləşən World Business Centre”dəki ofisində fəaliyyət göstərir. Tamaşalar isə başqa teatrların  müvəqqəti icarəyə götürülən səhnələrində qoyulur. 

Foto-reportajda acınacaqlı halda olan, divarları çat verən Bakı Bələdiyyə Teatrının bugünkü vəziyyətini olduğu kimi təqdim edilir. 

unnamed (15) unnamed (12) unnamed (10) unnamed (9) unnamed (8) unnamed (7) unnamed (4) unnamed (3) unnamed (2) unnamed (1)

Gülnaz Qənbərli

Gununsesi.info