Səudiyyə Ərəbistanın neft nəhəngi “Aramco” şirkətinə məxsus iki zavoda dünən gecə saatlarında hava hücumu olub. İki pilotsuz təyyarə ilə edilən hücum nəticəsində zavodlarda böyük miqyaslı yanğın çıxıb. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamada, Abqaiq və Khurais bölgəsində baş verən yanğının dünən səhər tezdən nəzarət altına alındığı bildirilsə də, zavodlara böyük zərər dəyib. Bu zərərin nə zaman aradan qaldırılacağı və zavodların yenidən fəaliyyətə başlacağı isə bilinmir.
Gununsesi.org-un məlumatına görə, hücumu İran tərəfindən dəstəklənən husilər öz üzərlərinə götürüb.
Qeyd edək ki, bu, husilərin “Aramco”ya ilk hücumu deyil. İyul ayında da paytaxt Ər-riyaddakı “Aramco” obyektlərindən birində yanğın çıxmış, şirkət yanğının səbəbini “texniki qəza” kimi təqdim etsə də, Yəməndəki husilər açıqlama verərək, hadisəni onların törətdiyini bəyanlamışdılar.
Ümumiyyətlə, şiəliyin Zeydiyyə məzhəbinə mənsub olan husi camaatı və Yəmən problemi Səudiyyə Ərəbistanı qurulandan bəri bu ölkənin ən böyük xofuna çevrilib. Bunun səbəbi isə 1953-ci ildə vəfat edən Səudiyyə səltənətinin banisi Kral Əbdüləzizin ölümündən qısa müddət əvvəl uşaqlarını ətrafına toplayaraq “Yəməni həmişə zəif tutmağa çalışın” vəsiyyətidir. Qurucu liderin bu vəsiyyətindən sonra hakimiyyətə gələn bütün kralların başlıca strategiyası Yəməni zəiflətmək, bölmək, ya da tamamilə yox etmək olmuşdur.
Səudiyyə Ərəbistanı liderlərini Ərəb yarımadasının ən yoxsul ölkəsi sayılan Yəməndən bu qədər qorxması da, təbii ki, səbəbsiz deyil. Məşədi İbadın sözü olmasın, Yəmən nə qədər kasıb olsa da, yarımadanın ən çox əhaliyə malik və demokrafik olaraq ən sürətlə artan ölkəsidir. Hazırda Yəmənin əhalisinin 32 milyonu keçdiyi təxmin olunur. Bir tikə çörək üçün digər ərəb ölkələrinə, o cümlədən Səudiyyə Ərəbistanına mühacirət edən milyonlarla yəmənlini hesaba qatsaq, bu say daha da artar. Ərəb yarımadasının əhalisinə görə ikinci, iqtisadi potensialına görə birinci ölkəsi olan Səudiyyə krallığının əhalisi isə 28.5 milyon civarındadır.
Yəmən xusiləri həm də Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrindən fərqli məzhəbə sahibdir. Səudilər məhz bu səbəbdən Yəmənin kasıblıq ucbatından müxtəlif ölkələrin təsiri altına düşməsindən ehtiyat edir. Təsadüfi deyil ki, 1960-cı illərdə Misirin, 2010-cu illərdə isə İranın Yəməndə təsir gücünü artırması Səudiyyə krallığı tərəfindən özünə qarşı ən ciddi təhdid ünsürü kimi görülmüş və görülməkdədir. Yəmənin cənub sərhədləri boyunca Səudiyyə Ərəbistanının rəsmi ideologiyasına zidd “zərərli” düşüncələr yaymaq potensialı, Hind okeanı və Bab əl-Məndəb boğazındakı strateji mövqeyi, sürətlə artan dinamik əhalisi ilə həqiqətən ciddi təhdidə çevrilməsi istisna deyil.
Səudiyyə Ərəbistanı üçün Yəmən həm də yeganə gəlir mənbəyi üzərində yerləşən dar boğazdır. 95%-i səhradan ibarət olan və bütün səylərinə baxmayaraq, ərazisinin yalnız 1%-ni yaşıllaşdıra bilən Səudiyyə Ərəbistanının neft və qaz hasilatından başqa iqtisadi fəaliyyətlə məşğuliyyəti mümkün deyil. Təbii sərvətlərinin nəqli üzərində isə ciddi maneələr dayanır. Ölkənin neft marşrutu Hörmüz boğazından keçərək Bab əl-Məndəb boğazına, ordan da Qərb ölkələrinə uzanır. Hər iki boğaza nəzarət imkanı isə Yəmənin əlindədir.
Odur ki, Yəmənin başqa dövlətlərin nəzarətinə keçməsini qətiyyən arzulamayan ər-Riyad tarixin müxtəlif anlarında bu ölkəni tamamilə sıradan çıxarmaq təşəbbüsündə bulunmuş və uzun illər buna nail də olmuşdur. Yəmən uzun illər ikiyə bölünmüş və şimalına Səudiyyə Ərəbistanı vasitəsilə ABŞ nəzarət etmiş, cənubunda isə Rusiyanın təsiri altında sosialist rejim qurulmuşdu.
1990-cı ildə SSRİ dağıldıqdan sonra eyni dövlətin tərkib hissəsi kimi birləşən Yəmən qısa müddətliyə Səudiyyə Ərəbistanının nəzarət dairəsinə daxil olsa da, 2010-cu ildən etibarən ərəb baharlarının təsiri ilə xusilər hərəkətə keçib hakimiyyəti ələ keçirməyi bacardılar. Beləcə, ovcunda saxlayacağını düşündüyü Yəmənin birləşməsinə böyük avantaj kimi baxan Səudiyyə Ərəbistanı birdən-birə öz əli ilə hazırladığı tələyə düşmüş oldu.
Yəmənin əldən çıxması Səudiyyə Ərəbistanın neft marşrutu strategiyasında son zamanlar apardığı dəyişiklikləri də təhlükə altında qoyur. Zira bu zamanadək İranın Hörmüz boğazı və Fars körfəzi üzərindəki hegemoniyasından qurtulmaq üçün neft marşrutunu Qırmızı dənizə köçürməyə çalışan ər-Riyad bu güzargahın açarı sayılan Bab əl-Məndəb boğazının xusilərin əlinə keçməsilə bütün ümidlərini yelə vermiş oldu. Təsir dairəsindən qaçdığı İran indi xusilərin cildində Qırmızı dənizdə zühur etdi və ABŞ tərəfindən hər hansı hücuma məruz qalacağı təqdirdə, rəqiblərinə 3 istiqamətdə cavab verəcəyini açıqladı. İran rəsmiləri tərəfindən açıq şəkildə ifadə olunan bu İstiqamətlərdən biri Hörmüz boğazı, digərləri isə Bab əl-Məndəb bağazı və Süveyş kanalıdır. Hər 3 istiqamət Səudiyyə Ərəbistanının neft marşrutu üzərində yerləşir və İran yetkililərinin dilə gətirdikləri bu mesajlarla kimin hədəfə alınacağına açıq eyham vurulur. Sözsüz ki, Səudiyyə krallığı bu təhdidi ciddi qəbul etməli və zərərsizləşdirməyə çalışmalıdır.
Xüsusilə Səudiyyənin indiki kralı hakimiyyətə gəldikdən sonra ulduzu parlayan və potensial taxt varisi kimi görünən şahzadə Məhəmməd bin Salman (MBS) gələcək iqtidarının uzunömürlülüyünü təmin etmək üçün bu problemi indidən və kökündən çözməli idi. Regionda bu məqsədə çatmaq üçün əlverişli və bir də ələ düşməyəcək şans da yaranmışdı: ABŞ-da İranın ən aşırı düşməni kimi tanınan və əqli dəngəsi yerində olmayan Donald Tramp hakimiyyətə gəlmiş, körfəz dövlətləri isə bu fürsətdən istifadə edərək əzəli düşmənləri İranı ağır şəkildə cəzalandırmaq əzmində idilər. Yaranan tarixi fürsəti qaçırmaq istəməyən Səudiyyə vəliəhdi Məhəmməd bin Salman 2015-ci ildə Yəmənə hərbi müdaxilənin memarı kimi ön plana çıxdı. Körfəz dövlətləri, Misir və İordaniya da bu təşəbbüsü dəstəklədi. Məhəmməd bin Salman da şəraiti uyğun görüb Yəmənə qarşı hərbi koalisiya yaratdı və xusilərə qarşı hücumlara başladı. Di gəl ki, 4 ildən artıq sürən bu hücumlar heç bir müsbət nəticə vermədi. Əksinə, Yəmənə atılan hər bomba yarımadanın bu kasıb ölkəsində daha çox Səudiyyə nifrəti yaratdı və xusilərin sırası da möhkəmləndirdi.
Ər-Riyadın öndərliyində həyata keçirilən hava hücumları bir işə yaramayınca, koalisiya qüvvələri Yəməni aclıqla imtahana çəkdilər. Ərzaq və dərmanlara belə tətbiq olunan embarqolar Yəməndə insanlıq dramlarının yaşanmasına yol açdı və beynəlxalq qınaqların artması ilə nəticələndi. Ərəbistanlı jurnalist Camal Qaşıqçının da Türkiyədəki səfirlikdə vəhşicəsinə qətli də buna əlavə olununca, ər-Riyad beynəlxalq aləmdən tamamilə təcrid edilmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Nəticədə Yəmənə qarşı ərəb koalisiyası da dağılmağa başladı. Koalisiyanın Səudilərdən sonra ən qızğın tərəfdarı BƏƏ-nin son zamanlar geri çəkilmək istiqamətində verdiyi bəyanatlar MBS-nin nə dərəcədə çətin vəziyyətə düşdüyünü göstərir.
Azmış kimi, Səudiyyə Ərəbistanı artıq ən böyük himayədarı olan ABŞ-ı da itirmək təhlükəsi ilə üz-üzədir. Donald Trampın İranla müharibə tərəfdarı kimi tanınan Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla yollarını ayırması və İranla dialoqa can atan ritorikası ABŞ prezidentinin də Səudiyyə Ərəbistanını İranla baş-başa qoyacağına işarədir.
Bütün bu yaşananların işığında xusilərin “Aramco” neft təsislərinə düzənlədiyi hücumlar təsadüfi görünmür. Onu da xatırladaq ki, İran yetkililəri ABŞ tərəfindən tətbiq olunan sanksiyalar ləğv edilməyəcəyi təqdirdə, heç bir körfəz ölkəsinin neft hasil edə və sata bilməyəcəyini, ən əsası isə, Amerikanın regiondakı maraqlarına və tərəfdaşlarına zərbə endirəcəyini bildirmişdi. Xusilərin son hücumu İranın bu iki tezisinin ikisinə də uyğun gəlir. Bu baxımdan, xusi hücumları İranın neft savaşlarının ilk zərbələri təsiri bağışlayır.
Gununsesi.org