“Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı cizgiləri aşıb” -Politoloq

“İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə də mehriban qonşuluq münasibətlərin davamı çətin olacaq. Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı cizgiləri aşıb”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb:

“Rəsmi Bakı da təxribatları cavabsız qoymayıb. Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televizya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır. İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil”.

Elxan Şahinoğlu amerikalı və ərəbistanlı rəsmilərin İranla bağlı fikirlərinə də diqqət çəkib:

“ABŞ və Səudiyyə rəsmiləri İranın, ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərindəki bəzi hədəflərə hücum edə biləcəyini bildiriblər. Səudiyyə Ərəbistanının bu kəşfiyyat məlumatını ABŞ rəsmiləri ilə paylaşdığı ifadə edilən xəbərdə iki ölkə və bəzi digər ölkələrin ordularının hazır vəziyyətdə olduğu qeyd edilib.

İranda vəziyyət gərgindir, mitinq və küçə yürüşləri davam edir. Normalda İrandakı hakimiyyət hansısa islahatlar həyata keçirməlidir ki, vəziyyəti nisbətən sabitləşdirə bilsin. Ancaq İrandakı mövcud rejim islahata meylli deyil, çünki bunun sonun başlanğıcı olacağından ehtiyat edir. Belə vəziyyətdə xarici düşmənlərə ehtiyac var ki, diqqət yayınsın. İran İraqın şimalını bombaladı, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, indi də Səudiyyə Ərəbistanını hədəf götürməsi barədə xəbər yayılıb. Səudiyyə Ərəbistanı İraq deyil, İran bu ölkəyə zərbə endirərsə, qarşısında tək bu dövləti deyil, böyük bir koalisiyanı görəcək. ABŞ və Böyük Britaniyadan tutmuş müxtəlif ərəb ölkələri, hətta İsrailə qədər dövlətlər İranı hədəf götürəcəklər, üstəgəl, İranda yaşayan ərəblər də seyrçi qalmayacaqlar”.

Gununsesi.info