Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Ankarada iranlı həmkarı İbrahim Rəisi müxtəlif mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib. Bu haqda detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar.
Bu barədə Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasını, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır. “Bu məsələdə Ankaranın yanaşması fərqli deyil”.
Onun sözlərinə görə, Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır. “Ancaq bu məsələdə Tehran ikili oynayır. Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa İttifaqını müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, Tehran isə Ermənistan müdafiə edərək, hər dəfəsində Azərbaycan əleyhinə “sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” açıqlamasını səsləndirir: “Bu isə Türkiyənin maraqlarına ziddir. Türkiyə Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasını istəyir. Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla, Ərdoğan Zəngəzur dəhlizinin İrannın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb”.
Gununsesi.info