Telefon qovşaqlarında kütləvi ixtisarlar aparılır - OSMAN GÜNDÜZÜN RƏYİ

  • By admin
  • 29 Yanvar 2018 16:36

Bakı şəhərinin telefon qovşaqlarında işçilərin kütləvi işdən azad olunduğu, ixtisarların aparıldığı bildirilir.

Gununsesi.info bunu Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzə istinadən xəbər verir.

Osman Gündüz bildirir ki, son günlərdə “Aztelekom” və “Baktelecom” – “Bakı Telefon Rabitəsi” MMC-də nəsə ciddi dəyişikliklər baş verir: “Alınan məlumatlar da bunu təsdiq edir. Bununla belə “Baktelecom” rəsmi məlumat yayır ki, Bakının bütün telefon qovşaqları “Baktelecom”a birləşdirilir, yəni yeni idarəetmə modeli yaradılır.
Bu necə yenilənmə, yeni idarəetmədir ki, uzun illər çalışan, uzun illər formalaşan mütəxəssislər bir anda işdən çıxarılır. Bəzi hallarda isə işə yeni qəbul edilənlər qalır, köhnələr isdən çıxarılır?

Nəyin əsasında “Baktelecom” ətrafında bu cür mərkəzləşmə yaradılır? Güman ki, sabah da “Aztelekom” ətrfaında belə bir idarəetmə forması nəzərdə tutulub”.

Onun sözlərinə görə, uzun müddətdir ki “Baktelecom”da daha bir mərkəzləşmədə kabel-kanal sistemindən istifadəyə yasaq qoyulub: “Hazırda dövlətə məxsus olan bu sistemdən ancaq “Baktelecom” özü istifadə edə bilir, özəl provaydrelər, hətta dövlət qurumları yaxın buraxılmır. Bu sistemdən istifadə ilə bağlı yeni Qaydalar və yeni tariflər də qəbul edilməyib.

Ümumiyyətlə, mən anlamıram ki bu mərkəzləşmə hardan çıxdı. Axı Strateji Yol Xəritəsinə görə bu qurumlar ən yaxın zamanlarda özəlləşdirməyə çıxarılmalıdır. Belə olan halda bu tələskənlik nədəndir, ifrat mərkəzləşmə nəyə xidmət edir? Ümumiyyətlə, bu yeni idarəetmə əmri “Baktelecom”undur yoxsa elə NRYTN –nin?”.

O.Gündüz hesab edir ki, NRYTN ətrafında nəhəng bir idarəetmə mərkəzi formalaşır: “Azercell” şirkətinin də NRYTN tabeliyində olan dövlət qurumu tərəfindən alındığını nəzərə alsaq, bu qurumda hansısa anlaşılmaz proselərin getdiyini düşünmək olar. Hansı ki , fikrimcə ölkə rəhbərliyi tərəfindən aparılan islahatlarla uzlaşmır.

Hazırda İKT sektorunda baş verənlər ölkədə aparılan və elan olunan islahatların tam tərsindir, çünki strateji sənədlər, rəsmi çıxışlar liberallaşma olmasını, özəlləşməyə hazırlığı, Müstəqil Tənzimləmə Qurumunun yaradılmasına hazırlığı, kiçik və orta sahibkarlığa dəstəyi diqtə edir. Amma NRYTN tabeliyindəki qurumlarda bu prosesin tam əksi gedir”.

Vüsalə Rüstəmova

Gununsesi.info