Son dönəmlərin ən aktual məsələlərindən biri sosial şəbəkələrin televiziyanı kölgədə qoymasıdır.
Baxmayaraq ki, sosial şəbəkələrdə yayılan informasiyaların dəqiqliyi sual altında olur. Həmin məlumatların sonradan fake xəbər kimi təsdiqlənməsi artıq heç bir nəticə vermir.
Azərbaycanda bu problemdən çıxış yolları nədən ibarətdir? Necə etmək lazımdır ki, insanlar sosial şəbəkələrə deyil, media quruluşlarına inansın.
Gununsesi.info-nun əməkdaşı bu və başqa suallara aydınlıq gətirmək üçün televiziya tənqidçisi, publisist, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, professor Qulu Məhərrəmliyə müraciət edib.
– Qulu müəllim, çağın ən böyük təbliğat vasitəsi sayılan televiziya kanallarının hazırki vəziyyətini nəzərə alaraq deyə bilərsinizmi, nəyə görə televiziya ikinci plana keçirilib?
– Bəli, bu gün hər kəsdə belə bir fikir formalaşıb ki, televiziya öz dövrünü yaşıyıb, indi ona baxan yoxdur. İnternet hər birini qabaqlayıb. Amma bu, bizə elə gəlir. Məsələn, qərb ölkələrində internetin – sosial şəbəkələrin təsir edə bilmədiyi Avropa cəmiyyətində televiziya aparıcı kütləvi informasiya vasitəsi olaraq qalır. Yəni onun bir cox proqramları, eləcə də ictimai müzakirə proqramları ciddi şəkildə baxılır, cəmiyyətə çox böyük təsir gücü var və televiziya öz tarixi rolunu oynayır. Məsələn: Avropa birliyinə daxil olan qırxa yaxın ölkə var ki, həmin ölkə əhalinin 70% – 80% informasiyanı televiziyadan alır. Yəni bu ciddi göstəricidir, ona görə də, biz qərb ölkələrində televiziyanın vəziyyəti ilə Azərbaycandakı durumu eyniləşdirə bilmərik. Problem ondadır ki, bizdə televiziyalar cəmiyyəti ifadə etmədiyinə və ictimai fikrə təsir edə bilmədiklərinə görə bu rolu daha çox sosial şəbəkələrə ötürmüş olur. Bu da bizdə o qənaəti yaradır ki, Azərbaycanda televiziyalar öz tarixi rolunu oynayıb, sıradan çıxır və s.
–Bəs insanlar arasında formalaşan bu fikirdə doğruluq payı nə qədərdir?
–Mənə elə gəlir ki, bu, ötəri fikirlərdir. Çünki 44 günlük Qarabağ müharibəsi dövründə sosial şəbəkələr dayandırılanda insanlar hətta müxtəlif üsullarla giriş mövcud olduğu zamanda belə insanlar əsasən xəbər və məlumatları televiziyalardan almağa çalışırdılar. Çünki o məlumatlar yoxlanmış dəqiq məlumatlar idi, reallıq, obyektivliyi əks etdirirdi və bu da əlbəttə ki, insanlarda televiziya haqqında mötəbərlik duyğusu yaradırdı.
–Bu vəziyyətdən xilas olmağın ilkin mərhələsi nədir?
– Əlbəttə ki, maraqlı və aktual proqramlar təşkil etmək televiziyanı xilas edə biləcək ən önəmli vasitələrdir. Bu istiqamətdə məncə düşünmək və real addımlar atmaq lazımdır.
–Televiziyalarda yayımlanan verilişlərdə (şou proqramlar, tok-şou və s.) nitq pozğunluğu, dövlət dilinin qorunmaması, üslub səhvləri və pozuntusu, milli dəyərlərin, etik normaların aşağı salınması və s. kimi ziddiyyətlərə dair münasibətiniz və bunların həlli yolları haqqında nə deyə bilərsiniz?
– Televiziyada dil məsələsi, burada nitq mədəniyyəti, dil normalarının qorunması xüsusi bir mövzudur və bu barədə davamlı danışılır. Əlbəttə, burda deyirik milli dəyərlər, etik normalar və s. bunlar barədə nəyə görə danışırıq? Televiziyada nəyə görə hər hansı nöqsan bəzən bizə həddindən artıq şişirdirilmiş şəkildə görünür?.. Öna görə ki, televiziyaya insanlar bir dəb kimi, mötəbər bir tribuna kimi baxırlar və orada hər hansı bir davranış və əxlaq pozuntusu, dil qüsurunun ortaya çıxması istər-istəməz dərhal çox kütləvi hal alır, qəbul edilmir və insanlar ona mənfi reaksiya verir.
–Qulu müəllim, bu nə ilə bağlıdır?
–Bu, birbaşa televiziyanın təbiəti ilə bağlıdır.Yəni televiziya kimi böyük kütləni, milyonları əhatə etdiyinə görə, burda nöqsan da tirajlanır və o ciddi şəkildə insanların psixologiya və düşüncəsinə təsir edir və bu da cəmiyyətdə güclü neqatif reaksiya yaradır.
-Nöqsanları aradan qaldırmağın yolları nədir?
– Bu cür nöqsanlara yol verməməyin əsas səbəbləri var… Aradan qaldırmağın yolları nədir, əlbəttə birinci növbədə peşəkarlıq və eyni zamanda, təlabat artırılmalıdır və kadr hazırlığına diqqət yetirilməlidir, peşəkarlar yetişdirilməlidir. Bax bunlar cox ciddi addımlardır. Yəni televiziya verilişi hazırlayan hər kəs bu ölçü və normaları dəqiq bilməlidir ki, bu çayxana deyil, məişət səviyyəsi deyil, bu ictimai-kütləvi reaksiyadır və biz buna çox ciddi şəkildə qiqqət və nəzarət göstərməliyik. Əks təqdirdə, hər hansı televiziya, şou aparıcısı özünü çox sərbəst hiss edəcəksə, deməli o bu məsələyə çox yanlış yanaşır. Bir daha qeyd edirəm ki, ciddilik, tələbkarlıq, peşəkarlıq və s. televiziyanı həll edən məsələlərdir.
AYNUR TURAN
Gununsesi.info