Televiziyalardan Qənirə Paşayevanın qadağa açıqlamasına münasibət

  • By admin
  • 11 Yanvar 2017 20:54

img2299806

 

Millət vəkili Qənirə Paşayeva  Azərbaycan televiziyaları haqda sosial şəbəkələrdə fikirlərini bölüşüb.

Gununsesi.info-nun məlumatına görə, o, eyni zamanda bəzi telekanalların ona efir qadağası qoyduğunu vurğulayıb:

“Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verilişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı ki, kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın. Və bu, bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrofona “xoşbəxt olsunlar, sənin üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə nə yaxşı ki vaxtında getdin televiziyadan dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır.

Bir çox insanlar tez-tez “Qənirə xanım niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlibsiniz”, deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “onu efirə çağırmayın”, deyə göstərişlər verirlər.

Hətta eləsi var ki, deyir, Qənirə xanımın tədbirlərdən bir kadr da bizim efirdə görünməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin?

Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək, “vallah Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək” deyir. Mən də uşaqlara narahat olmasın mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də, verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir, gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə…   Allah böyüyən balalarımıza özü kömək olsun!”

Millət vəkilinin açıqlaması ilə bağlı musavat.com telekanallarla əlaqə saxlayıb. Dövlət televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, AZTV-də heç bir qadağa yoxdur:

“Bizim telekanalda heç bir qadağa yoxdur. Efirlərə verilişin formatına , ruhuna və xarakterinə uyğun qonaqlar dəvət olunur”.

ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu qeyd edib ki, millət vəkil telekanal efir qadağası qoymayıb:

“Qənirə xanıma bizim televiziya qadağa qoymayıb. onun müsahibələri, keçirdiyi tədbirlər bizim efirimizdə yayımlanır. Qənirə xanımın açıqlamasının bizim televiziyaya aidliyi yoxdur”.

“Space TV”-nin icraçı direktoru Kamil Şahverdiyev də deyib ki,  Q. Paşayeva ən çox onların verilişlərində qonaq olur:

“Onun filmlərindən tutmuş keçirdiyi tədbirlərə qədər süjetləri bizim televiziyada efirə gedir. Onun qəhrəmanlar haqda filmi yalnız bizim telekanalda yayımlanıb.  Ötən həftə “Space 104 FM” radiosunda 1 saat canlı efirdə qonaq olub. Biz Qənirə xanımın Türkiyədəki tədbirlərini də işıqlandırmışıq. O, bizə irad tuta bilməz”.

Gununsesi.info