
Bu gün “Dövlət satınalmalarının şəffaflığın artırılması” layihəsi çərçivəsində ölkədəki tender problemləri müzakirə olundu.
Gununsesi.info xəbər verir ki, bir sıra dövlət qurumlarının da iştirak etdiyi tədbirdə layihənin koordinatoru Elvin Müzəffərli bu istiqamətdə beynəlxalq təcrübələrdən danışdı.
Onun sözlərinə görə, Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dövlət satınalmaları sahəsində qanunvericiliyin və onun icra vəziyyətinin qiymətləndirilməsi aparılıb.
Həmin qiymətləndirməni təqdim edən tədqiqatçı Elvin Yusifli Azərbaycanla bağlı vəziyyətin çox acınacaqlı olduğunu bildirdi : “Qiymətləndirmənin nəticələri göstərib ki, regionda bu sahədə ən təkmil qanunvericilik Ukrayna və Gürcüstana məxsusdur. Ən çox islahatlara ehtiyac olan ölkələr isə Ermənistan və Azərbaycandır.
Şəffaflıq defisiti reytinqində Azərbaycanın ümumi nəticəsinə mənfi təsir göstərib və bu sahədə ölkənin mövcud qanunvericiliyi 100 baldan 9.4 balla qiymətləndirilib. Tender prosesi şəffaf həyata keçirilmədiyi üçün bu sektorda yüksək korrupsiya riski mövcuddur”.
E.Yusifli əlavə etdi ki, sözügedən prosesdə ictimai nəzarət imkanlarının məhdud olması isə korrupsiya riskini daha da artırır: “Qiymətləndirmə nəticəsində müəyyən olunmuş əsas problemlərə gəlincə, bəziləri bunlardan ibarətdir. Birincisi, şəffaflıq məsələsidir. Tender sənədləri, satınlama predmetinin ehtimal olunan qiyməti, tender komissiyalarının qərarları, şikayətlər, müqavilələr, sub-podratçı şirkətlərin adları açıqlanmır.
İkincisi, malların, xidmətlərin və işlərin satın alınması ayrılmış dövlət vəsaitlərinin böyük hissəsi müsabiqə keçirilmədən xərclənir.
Üçuncüsü, qalib gələn şirkətlərin ixtisas göstəriciləri qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun gəlmir.
Bundan əlavə, vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı normalar mövcud deyil və dövlət satınalmalarında maraqların ziddiyəti müddəasının tətbiq dairəsi məhduddur. 10 ildən çoxdur ki, vəzifəli şəxslərin maraqlar toqquşması məsələsi aktuallığını saxlasa da bu istiqamətdə əməlli irəliləyiş nəzərə çarpmır və sair”.
Satınalmaların rəqabətliliyini şübhə altına qoyan amillərdən biri kimi – bir mənbədən satınalma metodundan geniş istifadə edilməsi praktikasını göstərən ekspert bildirdi ki, ötən 2 ildə malların, xidmətlərin və işlərin satınalınması üçün xərclənmiş vəsaitlərin 77 faizi bir mənbədən alınma proseduru tətbiq edilib.
Dövlət satınalmaları üzrə ekspert Vüqar Hüseynov isə bu istiqamətdə qanunvericilikdə olan boşluqlardan və onun əsas təkmilləşdirilməsi sahələri barədə məlumat verib.
Vüsalə Rüstəmova
Gununsesi.info