Terror aktı nəticəsində Şuşada həlak olan mülki şəxslə vida mərasimi keçirilir

Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı nəticəsində həlak olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Fərhadovla vida mərasimi keçirilir.

Gununsesi.info-nun xəbərinə görə, vida mərasimi Yasamal rayonunda, mərhumun evində keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, Şuşa rayon İcra Hakimiyyətinin, həmçinin Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vidadi Fərhadov bu gün Abşeron rayonu Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılacaq.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhəri iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutulub. Törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı qəlpə yarası xəsarətindən ölüb.

Qeyd edək ki, faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri davam etdirilir.

 

Gununsesi.info