Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslər cəzalandırılacaq

  • By admin
  • 02 Avqust 2019 17:45

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyaya yarım milyon dollardan çox pul göndərməklə terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən İlqar Ağayev, Sahil İbrahimov və Namiq Məmmədovun məhkəməsi keçirilib.

“Gununsesi.org-un verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Danışmaqdan imtina edən İlqar Ağayevin vəkili bildirib ki, müvəkkili ağır xəstədir: “Onun anlaqlı olub-olmadığı məlum deyil”.

Təqsirləndirilən şəxslərin Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı qərar verilib.

Dövlət ittihamçısı cinayət işi ilə tanış olmadığını bildirib. Hazırlıq iclası avqustun 9-da davam etdiriləcək.

İttihama görə, Azərbaycan Respublikasının vətəndaşları Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər. Qeyd olunan şəxslər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Onlar Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.org