Azərbaycan Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla, öz milli inkişaf strategiyasını qəbul edib və səmərəli idarəçilik və davamlı artımın təkmilləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmət edilməsi, ictimai xidmətlərdən asanlaşdırılmış istifadənin təmin edilməsi və inklüziv cəmiyyətlərin təşviq edilməsinə dair irimiqyaslı proqramlar həyata keçirməkdə davam edir.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı söyləyib.
Nazir bildirib ki, qlobal iqtisadi böhran və neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artımını saxlamağa müvəffəq olub. Davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə beynəlxalq humanitar və inkişaf yardımı göstərib.
Bu ilin iyun ayında Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilib. ECOSOC-un davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmasını nəzərə alsaq, bu, bizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacaq:
“Davamlı İnkişaf Məqsədləri 16”nın həyata keçirilməsinə dəstək olaraq, Azərbaycan 2015-ci il noyabrın 2-6-da keçirilmiş Korrupsiyaya qarşı BMT Konvensiyasına Üzv Dövlətlərin Konfransının 6-cı sessiyasında yekdilliklə qəbul olunmuş “Ən yaxşı təcrübə və texnoloji yeniliklərin tətbiqi yolu ilə şəffaf, cavabdeh və effektiv dövlət xidmətlərinin göstərilməsinin təşviq edilməsi vasitəsilə korrupsiyanın qarşısının alınması” adlı qətnamə layihəsini irəli sürüb.
Hazırda dünyanın üzləşdiyi müxtəlif hədə və problemlər fonunda fərqli mədəniyyətlərin əsas dəyərlərinin təşviq edilməsi, ayrı-ayrı icmalar arasında daha yaxşı anlaşmanın gücləndirilməsi və qarşılıqlı hörmətin həvəsləndirilməsinin əhəmiyyətini israrla vurğulamaq çox vacibdir. Asiya və Avropa kimi iki böyük qitənin arasında yerləşən Azərbaycan Şərq və Qərbin qovuşduğu, dünyanın əsas dinlərinin dinc yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin harmoniya şəklində bir-birini tamamladığı təkrarolunmaz məkandır”.
E.Məmmədyarov deyib ki, həll olunmamış silahlı münaqişələr, terrorizm, zorakı ekstremizm, təcavüzkar separatizm, dözümsüzlük, etnik və dini zəmində ayrı-seçkilik ən ciddi problemlər olmaqda davam edir və inkişafa əsas maneə törədən amillər sırasındadırlar.
2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul olunmasına dair BMT Sammitinin yekun sənədində dövlətlərin beynəlxalq hüquqla təsbit olunmuş hüquq və vəzifələri xatırladılaraq, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilərək bildirilir ki, sülh olmadan davamlı inkişaf yoxdur və davamlı inkişaf olmadan sülh yoxdur.
Sonuncu ümumi müzakirələrdən ötən müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı heç bir əsaslı irəliləyiş əldə olunmayıb. Ermənistan beynəlxalq hüququ və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrin tələblərini kobud şəkildə pozaraq, Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Ermənistanın münaqişənin nizamlanması prosesində iştırakı imitasiyadan başqa bir şey deyil.
Azərbaycan işğal olunmuş ərazilərin iqtisadi potensialından istifadə edə bilmir. Ərazilərin hərbi işğalının birbaşa nəticəsi olaraq əlaqələrin qırılması ölkəmizin sosial-iqtisadi cəhətdən tam şəkildə inkişaf etdirilməsi və regionun istifadə olunmamış iqtisadi perspektivlərinin reallaşdırılmasına ciddi əngəl törədir. Eyni şəkildə regionun daxili və regionlararası əlaqələr baxımından tam potensialı hələ də istifadə olunmamış qalır.
Münaqişənin humanitar nəticələri də eynilə ağırdır və təcili şəkildə həll olunmasını zəruri edir. İnsanların kütləvi şəkildə öz yaşadıqları ərazilərdən didərgin düşməsinin birbaşa təsiri nəticəsində bir milyon qaçqın və məcburi köçkün əsas insan hüquqları və fundamental azadlıqlardan, ən əsası mənzil və mülkiyyət hüquqlarından məhrum olmaqda davam edir. Vəziyyətin bu şəkildə davam etməsi artıq dözülməzdir.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyəti münaqişənin siyasi həllinin əldə edilməsi perspektivlərini sarsıdır və regionda sülh, təhlükəsizlik və sabitliyə bilavasitə təhlükə yaradır.
Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu istənilən an proqnozlaşdırılması mümkün olmayan nəticələr və toqquşmalar potensialı ilə sabitliyi pozan əsas amildir və münaqişə zonasında gərginlik və insidentlərin yaranmasının başlıca səbəbidir.
Xoş niyyətlə danışıqlar aparmaq əvəzinə Ermənistan nümayişkar şəkildə münaqişənin sülh yolu ilə həllinə yönəlik bütün cəhdləri pozur. BMT Təhlükəsizlik Şurasının tələblərinə tamamilə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmaqdan imtina edir, zor gücünə məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır. ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də bu narahatlıq doğuran faktlar təsdiq edilib.
Bundan başqa, Ermənistan diqqəti sülh prosesinin əsas və substantiv məsələlərindən atəşkəsin texniki aspektlərinə yönəltməklə diqqəti yayındırmağa çalışan vaxtaşırı hərbi təxribatlar törədir. Ən son olaraq bu il aprel ayının əvvəlində Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı geniş miqyaslı hücumlar həyata keçirib. Əhalinin sıx məskunlaşdığı Azərbaycan əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerləri ağır artilleriya və iri-çaplı silahlardan intensiv atəşə tutulub. Ermənistanın məsuliyyətsiz hücumları nəticəsində uşaqlar, qadınlar və qocalar da daxil olmaqla çoxsaylı azərbaycanlı mülki şəxslər həlak olub və ciddi yaralanıb. Səmərəli mülki müdafiə tədbirləri vaxtında görülməsəydi, əhali arasında itkilərin sayı daha çox ola bilərdi. Ermənistan müntəzəm şəkildə həlak olmuş Azərbaycan əsgərlərinin cənazələrini eybəcər hala salıb.
Bu hücumlar zamanı Azərbaycanın 34 şəhər və kəndi ağır dağıntılara məruz qalıb. Mülki əhəmiyyətli infrastruktur da daxil olmaqla, özəl və ictimai mülkiyyət əhəmiyyətli dərəcədə ziyan çəkib. Yüzlərlə mülki təyinatlı bina, xüsusilə, yaşayış evləri, məktəblər, uşaq bağçaları, mədəni mərkəzlər və digər mülki obyektlər dağıdılıb.
Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı birbaşa və qəsdən hücumları, eləcə də bu ilin aprel ayındakı hücumları zamanı Azərbaycan hərbiçilərinə qarşı qeyri-insani hərəkətləri Ermənistan tərəfindən beynəlxalq humanitar və insan haqları hüququnun digər bir ciddi pozuntusunu təşkil edir. Özünün qəsdən hücum hərəkətləri ilə Ermənistan 1994-cü ildə yaradılmış atəşkəs rejimini sarsıdır və münaqişənin siyasi həlli üçün perspektivləri təhlükə altına qoyur.
Azərbaycandan təsirli cavablar alan Ermənistan Rusiya Federasiyasının vasitəçiliyi ilə aprelin 5-də Moskva şəhərində Azərbaycan və Ermənistan Baş Qərargah Rəisləri arasında görüşdə razılaşdırılan atəşkəs üçün müraciət etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Ermənistan atəşkəsi pozmaqda davam edir. Bundan başqa, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qüvvələr cəmləşdirir və möhkəmləndirilmiş hərbi istehkamlar tikir. Bu il sentyabrın 19-da Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunda intensiv hərbi fəaliyyətə başlayıb. Bütün bunlarla Ermənistan sülh danışıqlarında irəliləyişin əldə edilməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren torpaqlarından çıxarılması məqsədi güdən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin səylərinə qarşı çıxmaqda və onları pozmaqda davam edir. Ermənistan dərk etməlidir ki, status-kvo və hərbi təxribatlara arxalanmaq böyük səhvdir. Özünü əzab çəkən tərəf kimi göstərməklə münaqişənin əsl səbəblərinin kökünə dair beynəlxalq ictimaiyyəti riyakarcasına aldatmaq cədləri uğursuzluğa məhkumdur.
Rəsmi Bakı Ermənistandan işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu dayandırmağı və münaqişənin vaxtı uzanmış siyasi həllinin tapılması üçün xoş niyyətlə Azərbaycanla danışıqlarda iştirak etməyi gözləyir.
Münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həll edilə bilər. Ermənistan bu reallığı nə qədər tez dərk etsə və silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarsa, münaqişə bir o qədər tez həll ediləcək, habelə Ermənistan və onun əhalisi əməkdaşlığın perspektivləri, eləcə də iqtisadi inkişafdan faydalanacaq. Azərbaycan münaqişənin həllinə nail olunması, regionda sülh, ədalət və inkişafın təmin edilməsində səylərini əsirgəməyəcək.
Gununsesi.info