
Sərnişinlərini Almaniyanın Münhen şəhərindən İstanbula gətirən Türk Hava Yollarının (THY) təyyarəsinin baqajında içərisində 1,4 milyon avro olan çemodan tapılıb.
Gununsesi.info xəbər verir ki, dekabrın 27-də uçuş üçün baqajını təhvil verən və qeydiyyat prosedurlarını tamamlayan sərnişin daha sonra pasport nəzarətinə və gözləmə zalına keçib. Oradan da təyyarəyə minib.
İran əsilli 44 yaşlı Almaniya vətəndaşının çemodanı qeydiyyatdan keçdikdən sonra avtomatik yükləmə bölməsinə göndərilib.
Lakin orada çemodanın rentgenoqrafiyası aparılıb və içərisində bağlamaların olduğu məlum olub. Bunun üzərinə gömrükçülər təyyarəyə yüklənmək üzrə olan çemodanı tapıb və açıblar.
Çemodanın içərisində 1,4 milyon avro aşkar edilib. Bəziləri 20-lik, daha çoxu 50-lik, 100-lük və 200-lük pul bağlamaları müsadirə edilərkən, çemodanın sahibi üzərindəki etiketdən tapılaraq təyyarədən endirilib.
Aİ-yə üzv ölkədən çıxarkən 10 min 250 avrodan çox pulu bəyan etmək və onun mənbəyini sübut etmək lazımdır. Həmin şəxs çirkli pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb.
Prokurorun tələbi ilə qaçaqmalçılıq yolu ilə pul keçirməyə cəhd edən şəxs Landşut məhkəməsi tərəfindən məhkəməyə çıxarılaraq həbs edilib.
Həmin pulun da müsadirə edilməsi qərarı verilib. Şəxsin Fürstenfeldruck bölgəsindəki evində axtarış aparılıb, orada nağd pul və pul sayan cihaz götürülüb.
Pulların Ədliyyə Fondunun xeyrinə istifadə olunacağı bildirilsə də, çirkli pulların yuyulmasında şübhəli bilinən şəxsin saxlanılması davam edir.
Gununsesi.info