Tiflisdən vasitəçilik təklifi: Paşinyan Fransanın ətəyindən yapışmağa davam edərsə… – ŞƏRH

  • By admin
  • 26 Oktyabr 2023 13:09

Gürcüstanda keçirilən Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi yenidən müzakirə olunacaq. Tədbirdə həm Azərbaycanın baş naziri Əli Əsədov, həm də Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.

Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu onlar arasında görüşü istisna etmir.

“Rəsmi Bakı Tiflisin vasitəçiliyinə müsbət yanaşır, rəsmi İrəvanın cavabı gecikir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili açılış nitqində Gürcüstan hökumətinin “Dinc Qonşuluq Təşəbbüsü” irəli sürdüyünü, o cümlədən Gürcüstanın qonşu və dostları Azərbaycan və Ermənistanla Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazır olduğunu bildirib”, – deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, İrakli Qaribaşvilinin bu mesajı ilk növbədə erməni həmkarına yönəlib: “Çünki Azərbaycan Qaribaşvilinin hər iki təşəbbüsünə əvvəldən razıdır. Ancaq Nikol Paşinyan İrakli Qaribaşvilinin təkliflərini qəbul etmək əvəzinə, uzaq Fransanın ətəyindən yapışmaqda davam edərsə, nəticə olmayacaq”.

Gununsesi.info