“Tikdiyi ev yarımçıq qaldı, ailə quracaqdı…” – Şəhid zabitimizin dayısı

Xəbər verdiyimiz kimi Tovuz istiqamətində gedən döyüşlərdə ordumuzun şəhid olan hərbçilərindən biri də baş-leytenant Rəşad Rəşid oğlu Mahmudovdur. 
Gununsesi.org xəbər verir ki, Moderator.az-ın əməkdaşı şəhidin ailəsi ilə görüşmək üçün Biləsuvar rayon Aşağı Cürəli kəndində yollanıb.
Bununla bağlı yazını təqdim edirik:
“Biləsuvarın Aşağı Cürəli kəndinin girişində yarımçıq ev var, qarşısında isə üçrəngli bayrağımız dalğalanır. Kənd sakinləri evi bizə göstərib bildirdilər ki, evin sahibi şəhidimiz Rəşad Mahmudovdur. Evi tikib burda yaşamağı planlaşdıran şəhidin həyatı şəhid olmağıyla yarımçıq qalıb. Sonra isə şəhidin yas mərasiminin keçirildiyi ünvana, dayısı Fərhad Hüseynovun evinə yollandıq. Bizi şəhidimizin dayısı Fərhad, Bayram və yaxın qohumları qarşıladı. Məlum oldu ki, atasını erkən yaşlarında itirən Rəşad, dayısı Fərhadın himayəsində böyüyüb.
Dayısı Fərhad Hüseynov:
“Rəşad çox tərbiyəli, qanacaqlı bir uşaq olub. Atasını itirəndən sonra iki yaşından onlar mənim himayəmdə böyüyüblər. Səkkiz il öncə Rəşadın kiçik qardaşı 16 yaşlı Rəisağa ehtiyatsızlıq ucbatından dünyasını dəyişdi. Bundan sonra bacım Sevdanın tək ümidi Rəşad idi, onunla nəfəs alırdı. Orta məktəb vaxtından Rəşadın hərbiyə çox marağı var idi və mənə dedi ki, hərbçi olmaq istəyirəm. Doqquzuncu sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına  hərbi liseyə daxil oldu. Oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olundu. Təhsilini başa vurduqdan sonra zabit kimi Tovuz rayonunda xidmətə başladı.
“Axırıncı dəfə iyulun 2-də Rəşadın doğum günündə onunla telefonla danışdıq…”
“Rəşad artıq yeddi il idi ki, xidmət edirdi. İxtisasca top komandiri idi. Evini tikib qurtarandan sonra ailə qurmağı planlaşdırırdı. Artıq 29 yaşı var idi və hamımız istəyirdik ki, ailə qursun. Amma çox təəssüflər olsun ki, şəhid oldu, ailə qurmaq ona qismət olmadı. Axırıncı dəfə iyulun 2-də Rəşadın doğum günündə onunla telefonla danışdıq. Evdə tort da bişirmişdik. Telefonda Rəşadı təbrik edib sağollaşdıq. İyulun 13-də səhər saatlarında isə bizə xəbər gəldi ki, Rəşad şəhid olub. Anası indi səhərə qədər ağlayır. Adam bilmir ona necə təsəlli versin. Yas mərasimindən sonra planımız var ki, Rəşadın tikdirdiyi evini onun muzeyinə çevirək. Yenə bu hardasa anasına təsəlli olar. Biz bu gün Rəşadla ancaq fəxr edə bilərik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.
Şəhidimizin yaxınları pərişan idi, anasının Rəşad deyə ah-naləsi, başına yığılan qadınların ağlaşma səsi eşidilirdi. Ona görə də şəhidimizin anası ilə indiki vəziyyətdə görüşməyi münasib bilmədik.
Şəhidimizin ailəsi ilə sağollaşıb kənd qəbiristanlığına yollandıq. Qəbiristanlıqda şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxuduq.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Gununsesi.org