Tixanovskaya Putinə müraciət etdi

  • By admin
  • 14 Sentyabr 2020 15:51

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Rusiya lideri Vladimir Putinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, onun müraciəti Tut.by portalı tərəfindən Telegram kanalında yayımlanıb.

Siyasətçi Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə görüşündə əldə olunacaq hər hansı bir razılaşmanın etibarlı olmayacağını bildirib. O, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Soçi danışıqlarının nəticələrindən sonra bağlanan bütün razılaşmaların yenidən nəzərdən keçiriləcəyini qeyd edib.

“Vladimir Putinə xatırlatmaq istəyirəm: Soçi görüşü zamanı nə qəbul etməyiniz və nə barədə razılığa gəlməyinizdən asılı olmayaraq, bu razılaşmanın qanuni qüvvəsi olmayacaq. Legitimliyi olmayan Lukaşenko ilə imzalanan bütün müqavilələr yeni hökumət tərəfindən nəzərdən keçiriləcək. Çünki Belarus xalqı seçkilərdə Lukaşenkoya etimad və güvən göstərməyib. Belarus xalqı ilə deyil, diktatorla dialoq aparmaq qərarına gəldiyiniz üçün çox təəssüflənirəm”,- deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, bu gün iki ölkənin liderləri Rusiya Prezidentinin yay iqamətgahında görüşəcəklər. Görüşdə jurnalistlərin iştirak etməyəcəyi, danışıqların təkbətək formatda aparılacağı bildirilib.

Prezidentlər Belarusun Rusiyaya olan dövlət borcunun yenidən strukturlaşdırılması mövzusunu, Müttəfiq Dövlət haqqında razılaşma çərçivəsində inteqrasiya məsələlərini, enerji sektorundakı ortaq layihələri müzakirə edəcəklər. Görüşdə heç bir sənədin imzalanması planlaşdırılmır.

 

 

Gununsesi.info