Tofiq Yaqublunun istintaqı bitdi - MƏHKƏMƏ BAŞLAYIR

  • By admin
  • 03 İyul 2020 08:13

 

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə ibtidai istinaqı iyulun 2-də yekunlaşıb.

Bu barədə Amerikanın Səsinə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Nigar Həzinin sözlərinə görə bu barədə vəkil Nemət Kərimli ona məlumat verib.

Vəkilin sözlərinə görə, Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında bu qərarı T.Yaqubluya da elan edib.

“Vəkil bildirdi ki, bu gün müstəntiq Ramil Əliyev istintaqın yekunlaşdığını elan edib. İş vəkillərin sənədlərlə tanış olmasından sonra məhkəçməyə göndəriləcək”deyə N. Həzi bildirib.

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasına dair qərardan şikayətə baxıb. Məhkəmə Tofiq Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Yaqublunun qızı Nigar Həzi deyib ki, dövlət ittihamçısı Tofiq Yaqublunun həbsdə saxlanmasını belə əsasladırıb: “O, residivistdir. Dəfələrlə cinayət törədərək həbsdə olub.”

Daxili İşlər Nazirliyinin Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlaması

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.