“Tokayev hökuməti qurban verdi” - Ekspert İlham Şaban

  • By admin
  • 05 Yanvar 2022 13:18

“Qazaxıstanda enerji daşıyıcılarının qiymətinin müəyyən olunması Azərbaycandan fərqlidir. Orada Gürcüstan, Rusiyadakı kimi, yanacaqdoldurma məntəqələrində qiymətlər bir-birindən fərqlidir. Yəni dövlət tərəfindən tənzimləmə mexanizmi yoxdur”. 

Gununsesi.info xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji daşıyıcıları üzrə ekspert İlham Şaban Qazaxıstanda maye qazın qiymətinin iki dəfə qaldırılmasının iqtisadi əsaslarını şərh edərkən deyib.

HTML tutorial

İlham Şaban bildirib ki, Qazaxıstanda pərakəndə satıcılar neft müəssisələrindən, birjalardan məhsulu alır və onun üstünə nə qədər pul qoyub satacağını özü müəyyənləşdirir: “Yəni bazar qaydaları ilə idarə edilir. Ona görə də qiymətlər zaman-zaman dəyişir. Qazaxıstanın öz daxili istehsalı çatmayanda enerji daşıyıcılarını Rusiyadan alır və bu zaman da qiymət daha baha olur. Tam olmasa da, sxem belədir ki, qiymətlər bazar iqtisadiyyatı prinsipləri ilə müəyyənləşir.

Yanvarın 3-də Qazaxıstanın energetika nazirinin açıqlamasına baxdım. O qeyd edir ki, maye qazın topdansatış qiyməti 77 tengeyə qalxıb. Nəqliyyat xərci və sair. Həmçinin də satıcıların üzərinə qoyduğu marja da 20 faiz olub. Əvvəllər bu marja 2-5 faiz arasında dəyişirdi.

Azərbaycanda yanacaqdoldurma məntəqələrində marja 7 faiz ətrafındadır. Amma onlar birdən-birə 20 faizə qaldırdılar. Nəticədə də ölkədə hər şeyin qiyməti qalxdı.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, bazarda hökumət antiinhisar tədbirləri keçirəcək. Qeyd edir ki, nəzarətin olmaması bir qrup şəxsin yığışaraq bazarda qiymət təyin etməsinə – Karter sazişinə gətirib çıxarıb və bunun da qarşısını hökumət vaxtında ala bilməyib.

Bu da ona gətirdi ki, insanlar psixoloji olaraq əvvəl 60 tengeyə aldıqları məhsulu indi 120 tengeyə almağı qəbul edə bilmədilər. Yəni məsləni belə ümumiləşdirmək olar ki, birincisi, vaxtında bu sahədə şəffaflığın olmaması belə bir durumu yaratdı.

İkincisi, qiymət artımı zamanı hökumətin müvafiq qurumlarının reaksiyası olmadı.

Üçüncüsü, məhz bu cür qiymət artımlarında birinci olaraq istehlakçıya əvvəlcədən xəbər edilməlidir ki, nəyə görə bu artım baş verir. Və bu da bir günün içində olmamalıdır. Müəyyən zaman ərzində əhalini bunu hazırlamaq lazımdır”.

Bundan sonra proseslərin necə inkişaf edəcəyinə gəldikdə İlham Şaban deyir ki, istər yerli, istər xarici mətbuatda artıq bu hadisələr “əhalinin qaz buntu” kimi təqdim olunur: “Və proses də olunla bitdi ki, siyasi rəhbərlik öz hakimiyyətini əldə saxlamaq üçün hökuməti qurban verdi. Artıq hökumət istefaya getdi.

Digər tərəfdən hökumətin vəzifəsini icra edən şəxslərə tapşırılıb ki, 180 gün müddətində ilkin tələbat mallarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi (kommunal və yanacaq da bura daxildir) və sonradan yenidən bazar iqtisadiyyatı şərtlərinə qaytarılması təmin olunsun.

Əhalini bununla sakitləşdirdilər ki, sizə göstərilən xidmət və satılan malların qiymətlərində haqsızlıq olub. Bununla da məsələnin birinci mərhələsi bitdi. Tokayevin müraciətində də günah etirazçılara deyil hökumətin üzərinə qoyuldu. Bu postsovet məkanında rast gəlinməyən bir haldır.

2022-ci il keçmiş sovet məkanında təlatümlü başladı. Deyirdilər ki, il Rusiya və Ukrayna arasında hərbi qarşıdurma ilə başlayacaq. Amma birdən birə Rusiyanın arxa cəbhəsində böyük strateji əhəmiyyətə malik olan – Rusiyadan sonra həm fiziki ölçülərinə görə böyük, həm də xüsusi əhəmiyyətli bir coğrafiyada büdrəmə oldu. Təbii ki, yeni hökumət formalaşanda akimlər, vilayət rəhbərləri hamısı dəyişəcək. Çox maraqlı proses gedəcək. Bu, bir ölkədə baş verən bir məsələ kimi deyil, idarəçiliklə bağlı müyəyən qədər digərlərinə də siqnal olacaq”.

Gununsesi.info