“Tolerantlıq həyat tərzidir”

  • By admin
  • 17 Noyabr 2016 10:40

ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və onun regional mərkəzləri tərəfindən Bakı şəhərində və respublikanın digər müvafiq şəhər və rayonlarında 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Bundan əlavə Ombudsman Aparatının əməkdaşları həmin gün münasibətilə təşkil olunmuş bir sıra tədbirlərdə iştirak ediblər.

Bu haqda Gununsesi.info-ya  Ombudsman mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu günlərdə Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrasının təşkilatçılığı ilə “Tolerantlıq həyat tərzidir” adlı tədbir keçirilib.

BSU-nun rektoru, professor Nurlana Əliyevanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın, Rus pravoslav kilsəsinin Bakı–Azərbaycan yeparxiyasının başçısı Aleksandr Atanın, BSU-nun professor-müəllim, tələbə heyətinin və digərlərinin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak edib.

Ombudsmanın nümayəndəsi tədbirdə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası ilk Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlətimizin, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyini, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağn qadağan edildiyini diqqətə çatdırıb.

M.Mahmudov Konstitusiyasının vicdan azadlığından bəhs edən 48-ci maddəsinə istinad edərək, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququna malik olduğunu, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəst olduğunu, dini etiqadın və əqidənin hüquq pozuntusuna bəraət qazandırmadığını, heç kəsin öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilmədiyini söyləyib.

Ulu öndər Heydər Əliyevin müstəsna xidməti sayəsində ölkəmizdə tarixən, qədimdən mövcud olan multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasəti səviyyəsinə qaldırıldığı, həmin siyasətin məntiqi davamı olaraq ölkə Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinin təsis edildiyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyi və bunun nəticəsi olaraq ölkəmizdə multikultural dəyərlərin və tolerantlıq ənənələrinin daha da möhkəmləndirildiyi və inkişaf etdirildiyi vurğulanıb.

Dövlət başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq Ombudsman təsisatı və digər aidiyyəti dövlət qurumları tərəfindən mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında müxtəlif tədbirlərinkeçirildiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımların ölkəKonstitusiyasında təsbit olunmuş mütərəqqi normalara uyğun olaraq müxtəlif dini konfensiyalar, irqi və etnik mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsi, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasına və beləliklə də onların hüquqlarının səmərəli təmininə xidmət edir.

Gülnaz Qənbərli

Gununsesi.info