“Çərşənbələr Novruz bayramının ən mühüm atributlarındandır. Hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələrin simvolik obrazı formalaşıb. İlin son ayının dörd çərşənbəsi ilaxır çərşənbələr sayılır. Novruz öncəsi qeyd olunan son çərşənbə isə “axır çərşənbə” adlanır”.
Bunu Publika.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlildeyib. Alimin sözlərinə görə, su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir: “Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi qədim insanın suya tapınma inancı ilə bağlıdır. Məsələn, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji təfəkkürünün əsas elementlərindən biridir”.
A.Xəlil ilaxır çərşənbələrin ikincisi olan od çərşənbəsindən də danışıb: “Buna xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci cərşənbə”, yaxud “addı çərşənbə” də deyilir. Od müqəddəs hesab edilirdi. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla paklayar, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu yolla paklaşmamış uşaq murdar hesab edilər, buna görə də ana onu rahatlıqla qucağına ala bilməzmiş. Bu inamın və buna əsaslanan xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır”.
Dosent ilaxır çərşənbələrin üçüncüsü olan yel çərşənbəsindən də bəhs edib: “Xalq arasında bu çərşənbəyə “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yel çərşənbəsi” də deyilir. Yel çərşənbəsi ilə bağlı bir sıra deyim və inanclar var. Onlardan birini deyim, deməli, yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət edirlərmiş və Yel babanı çağırırlarmış. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları sənə toxunsa, diləyin yerinə yetərmiş”.
Ağaverdi Xəlil ilaxır çərşənbələrin sonuncusu olan torpaq çərşənbəsi haqqında bunları deyib: “Qədim adətə görə, axır çərşənbə günündə əcdadların, əzizlərin məzarları ziyarət olunar, onların ruhuna dualar oxunar. Xalqımızın axır çərşənbə ilə bağlı bir adəti də budur ki, həmin çərşənbə axşamında adamlar od üstündən yeddi dəfə o yan-bu yana atılar, bununla da köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyduqlarına inanarlar”.
Ekspertin sözlərinə görə, axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar:
“Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya ifadəni yozub, gələcək barədə müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “başım ağrıyır” və s. kimi sözlər eşidilərsə, pis tərəfə yozulur. Xalqımızın folklor yaradıcılığında çərşənbələrlə bağlı onlarca deyim, sınama, tapmaca, atalar sözü, nəğmə, rəvayət var. Çərşənbələr xalqımızın bayram mədəniyyətinin rəngarəngliyini əyani şəkildə nümayiş etdirən əlamətdar hadisələrdir. Onların eramızdan əvvəl başlanan qədim tarixi var”.
A.Xəlilin fikrincə, çərşənbə mərasimlərinin məzmunu yaradılışla bağlı dörd sakral ünsür haqqındakı qədim təsəvvürlərdən, əski xalq inanclarından, arxaik ritual elementlərindən, altı günlük təqvim sistemindən və yazın gəlişi ilə bağlı mövsüm şölənlərindən qaynaqlanır:
“Hazırda çərşənbələr yaz mövsümü ilə bağlı keçirilən Novruz bayramı mədəni kompleksinə daxildir və bir ay öncədən xalqı böyük bayrama – Novruza hazırlayır, cəmiyyətdə bayram ovqatını səfərbər edərək ictimai əhval-ruhiyyəni yüksəldir və sosial harmoniyanın təmin edilməsində ciddi rol oynayır”.
Bir sözlə, ilaxır çərşənbə əcdadlarımızın bizə əmanət etdiyi ritual kompleksin tərkib hissəsidir.
Gununsesi.info