
Məlum olduğu kimi, 2016-cı ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, daşınmaz əmlakların satışının vergiyə cəlb edilməsi qaydaları yeniləndi. Dəyişikliklərə əsasən, təkrar bazarda yaşayış və qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər vergini əmlakın sahəsinə uyğun olaraq ödəməyə başladılar.
Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev Gununsesi.info-ya şərhində bu dəyişikliyin daşınmaz əmlakların aktiv kimi investisiya cəlbediciliyinə müsbət təsir etdiyini bildirir. Ancaq ekspert deyir ki, buna baxmayaraq dəyişikliklərin müsbət nəticələri bazarda az hiss olundu:
“Çünki bazardakı vəziyyət makroiqtisadi şəraitin mənfi təsiri altında idi. Təəssüflər olsun ki, o zaman dəyişikliklər ancaq təkrar və ilkin bazardakı mənzilləri, evləri və obyektləri əhatə etdi. Torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi əvvəlki qaydada qaldı. Bu isə torpaq sahələrinin investisiya cəlb ediciliyinə mənfi təsir etməkdə davam etdi. Buna baxmayaraq torpaq bazarındakı aktivlik digər seqmentlərdən heç də aşağı olmadı. Yəni nisbi olaraq. Çünki cari ildə bazarda aktivlik onsuz da bütün seqmentlər üzrə aşağı olub”.
“2017-ci il üzrə nəzərdə tutulmuş dəyişikliklərə əsasən, torpaq sahələrinin satışı artıq sadələşdirilmiş vergiyə cəlb ediləcək. Verginin tutulması qaydası evlərin satışında olduğu kimi olacaq. Vergi Notarius tərəfindən birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutulacaq və onun ödənilməsinə görə məsuliyyəti notarius daşıyacaq. Vergi torpaq sahəsinin hər kvadrat metrinə görə tətbiq ediləcək və ərazidən fərqli olaraq əmsallar tətbiq ediləcək”- deyə, R.Əliyev vurğulayır.
Vüsalə Rüstəmova
Gununsesi.info










