Tovuzda avtomat satmaq istəyən şəxs saxlanılıb - FOTO

  • By admin
  • 08 May 2023 09:22

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R.Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.

Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan bir ədəd istifadəyə yararlı “Kalaşnikov” avtomatı, bir ədəd daraq, 18 ədəd patron və narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Şübhəli şəxs ifadəsində narkotik istifadəçisi olduğunu, odlu silahı satmaq üçün Tovuz rayonuna müştəri tapmağa gəldiyini etiraf edib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.