Tovuzda başı kəsilən qızı ilk görən şəxs danışdı: “Qətli törədən … manyak olub” - EKSKLÜZİV

  • By admin
  • 21 İyun 2016 16:39

tovuzz

 

Tovuz rayonu Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın vəhşicəsinə qətlə yetirilməsi xəbərini araşdırmaq üçün Gununsesi.info-nun əməkdaşı  mərhumun qohumları, kənd sakinləri və hüquq-mühafizə orqanlarıyla əlaqə saxlayıb. Günay Gülmməmmədovanın meyitini ilk aşkarlayan kəndin  icra nümayəndəsi Aslan Sadıqov əməkdaşımızla söhbətində qətlə yetirilən gənc qızın meyitinin aşkarlanmasıyla bağlı təfsilatı açıqlayıb. Onun sözlərinə görə,  G.Gülməmmədovanın cəsədi axşam  saatlarında kəndin ərazisində yerləşən zibillikdə aşkar edilib: “Qızın cəsədini ilk olaraq, kənddə mən görmüşəm. Bələdiyyənin müavini ilə körpünün altıdakı zibilliyin təmizlənməsi prosesinə baxmağa getmişdik. Körpünün altından maşın keçirdi. Sel yuyub oranı. Həmin ərazinin təmizlənməsini bir neçə nəfər üzərinə götürmüşdü. Ora baxış keçirən zaman yuxarıdan aşağı baxanda  cəsədi gördük. Sonra fırlanıb düşdük körpünün altına. Əvvəlcə, kişi meyiti hesab etdik. Yaxınlaşanda gördük, cavan qız uşağıdır.

Hüquq-mühafizə orqanlarına və Təcili Yardım Xidmətinə zəng etdik. Ailəyə xəbər veriəndə məlum oldu ki, Günayın yoxa çıxmasını itkin düşdüyü gün saat 4-də biliblər. Biz isə meyiti aşkarlayanda təxminən, axşam saat 8 radələri idi. Elə əmisi də qıraqdan bu mənzərəni izləyənlər arasında idi. Sonradan itkin məsələsi ortaya çıxanda morqa gedib baxıblar ki, başı kəsilən meyit bunların övladı Günaydır.

Hüquq-mühafizə orqanları hazırda bu işlə məşğuldur. Burada  qətli törədən  çox güman ki, manyak olub. İnsan deməzdim ona. Qızın segilisi olması versiyasına gəlincə, deyilənlərə görə danışdığı kimsə olub. Amma bu haqda heç kim heç nə bilmir” , – deyə o bildirib. Aslan Sadıqov daha sonra bildirib ki, qızın kim tərəfindən öldürülməsi versiyası ağıllarına belə gəlmir. Onu deyə bilərəm ki, Günay vəhşicəsinə qətlə yetirilib. Yazıq qızın başını kəsiblər. Meyitini görəndə dəhşətə gəldik. Başı bədənindən ayrılmışdı. Hadisənin hansı səbəbdən törədilməsi haqda heç kimin məlumatı yoxdur. Hazırda polis əməkdaşları bu istiqamətdə araşdırma aparır”.

Mərhumun əmisi Natiq Gülməmmədoun sözlərinə görə, bir müddət öncə G.Gülməmmədovanın sevdiyi oğlanın olması haqda kənddə xəbər yayılıb: “Mən də xəbəri eşidib gəlmişəm. Onların məclislərini yola verirəm. Polis öz işini görür, araşdırıb qatili və ya qatilləri tapacaqlar. Biz istəyirik, qatil tapılsın. Əlimizdən başqa heç nə gəlmir. Qəsd işidir. Kimsə qəsdən öldürüb uşağı. Nə kənddə,  nə də  başqa yerdə ailəmizin, ya da rəhmətliyin heç kimlə problemi olmayıb. Düşmənli deyilik. Günayın və atasının telefonu polisə təqdim edilib.

Araşdırılanda kimlərlə hansı əlaqəsi olduğu bəlli olacaq. Günayın atası zəhmətkeş insandır. Heç kimlə problemi olan şəxs deyil.  Elə mərhum özü də  çöl-bayır tanıyan olmayıb. Bütün kənd təşviş içindədir. Yəqin bizim bilmədiyimiz səbəblər var. Anasız uşaq idi. Kiminlə işi vardı ki?”

Onun  sözlərinə görə, mərhum son zamanlar kiminləsə danışırmış: “ Buna görə də  hamı onu danlayırdı. Mən də  iyunun 14-də “Son zəng” günü qızı qarşıma qoyub danışdım, danladım. Başa saldım ki,onun üçün  belə şeylər üçün hələ tezdir. Günay 9-cu sinifdən məktəbdən çıxmışdı. Yəni, hələ məktəbli yaşında idi. Bu, o demək deyil ki, qardaşım qızı pis yolda idi. O, daim ailənin nəzarətində olub. Həmin gündən sonra onu görməmişəm”.

Onun sözlərinə görə, atası ilə qardaşı evdə uzanıbmış, analığı ilə həyətə çıxıb. Ona deyib ki, qonşuya gedir. Bir neçə saat sonra onun geri qayıtmadığını görüb qonşudan sorqalayıblar. Onda  məlum olub ki, Günay qonşuda deyil: “Axşamüstü körpünün yanında meyit tapıldığını eşitdik. Amma ora getmədim. Qardaşım zəng edib bizdən Günayı soruşdu. Biz də qohumlardan soraqladıq. Sonradan tapılan meyitin Günay olduğunu öyrəndik. Amma bizim heç kimlə davamız olmayıb. Kim belə iş görə, belə dəhşətli şəkildə başını kəsib öldürə bilər?”-, deyə o bildirib.

 

Kənd sakinlərindən mərhumun ailəsinin Tofiq adlı qonşusunun Gununsesi.info-ya verdiyi məlumata görə, kənd sakini, 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın cəsədi çay kənarında başı kəsilmiş halda tapılıb. Onun  sözlərinə görə, Günayın ailəsinin heç kimlə münaqişəsi olmayıb. 1990-cı il təvəllüdlü bacısı və əkiz qardaşı olan Günay anasını 2011-ci ildə itirib. Atası ikinci dəfə ailə qurub. Lakin onun analığı ilə də problemi olmayıb. Kənd sakinləri bildirirlər ki, kənddə ilk dəfədir belə hadisə baş verir. Cəsəd dünən saat 18 radələrində Günaygilin evindən 500-600 metr kənarda aşkarlanıb. Dərhal polisə məlumat verilib. Araşdırmadan sonra meyitin Günay Gülməmmədovaya məxsus olduğu müəyyən edilib.

Tovuz rayon Prokurluğundan baş verən qətl hadisəsi ilə bağlı Gununsesi.info-ya bildirilib  ki, Aşağı Quşçu kənd sakini, 17 yaşlı Gülməmmədova Günay Rafiq qızının qətlə yetirilməsi ilə  bağlı Prokurorluqda  AR Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. İstintaq prosesi davam edir. Lakin əldə olunan infomasiyalar istintaq sirri olduğundan təfsilatı ilə açıqlama verə bilməyəcəklər.

 

 

Qeyd edək ki,  naməlum şəxs və ya şəxslər G.Gülməmmədovanın boğazını kəsərək onu öldürüb. Gənc qızın meyiti Aşağı Quşçu kəndi yaxınlığında Əsrik çayının üzərindəki körpünün altına atılıb.

 

Faktla bağlı Tovuz rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma gedir.

 

Hazırda hadisənin hansı şəraitdə, kim tərəfindən və nə səbəbdən törədilməsi araşdırılır.

 

 Arzu Səyyad