Tovuzda dağları dəlib yeni yollar çəkirlər – Tovuzun ucqar dağ kəndlərindən reportaj – FOTOLAR, VİDEO

  • By admin
  • 23 Noyabr 2019 11:38

“Palçıqdan, qardan canımız qurtardı…”; Dövlət Agentliyi illərlə zülm çəkən Ağacqala kənd camaatı üçün dağları partladıb yeni yol salıb, Sarıtala kəndinə vurulan asfalt isə əhalini bərbad yollardan azad edib…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Tovuzun ucqar dağ kəndlərinə yeni yollar çəkir, bərbad, asfaltı olmayan kəndlərin yollarını əsaslı şəkildə təmir edir.

“Yeni Müsavat”ın reportyor qrupu olaraq bu dəfə Tovuzun yeni yollar çəkilən iki ucqar dağ kəndi – Ağacqala və Sarıtalada olmuşuq, görülən işlərlə maraqlanmışıq, sakinləri nə dərəcədə razı salıb-salmadığını öyrənmişik.

Tovuzun mərkəzindən 35-40 kilometr uzaqda yerləşən bu dağ kəndlərinə əvvəllər səfər etmək istəsəydik, bəlkə də gəlib çıxa bilməzdik.

Çünki gediş-gəliş üçün normal yollar olmayıb, olanlar da bərbad vəziyyətdə imiş. Üstəlik, ən azı 120-130 kilometr məsafə qət edərək Gədəbəy ərazisindən keçməli, Ağacqala kəndinə gəlib çıxmalıydıq.

 

 

Lakin Tovuzun sözügedən kəndlərinə AAYDA tərəfindən yeni yollar çəkilməsi həm sakinlərin, həm də reportaj hazırlamağa gələn bizim işimizi xeyli dərəcədə asanlaşdırıb.

Xüsusən də ucqar Ağacqala kəndini vurğulamaq lazımdır. Çünki Tovuzdan bu kəndə heç vaxt yol olmayıb. Sakinlər ev-eşiyinə Gədəbəy istiqamətindən gedib-gəlirmişlər. Bu da həm xərc, həm vaxt itkisi idi.

İndisə belə bir problem yaşanmır. AAYDA tərəfindən xüsusi üsulla dağlar partladılaraq kəndə yeni yol çəkilib, Ağacqala sakinlərinin yol dərdindən canı qurtarıb.

AAYDA-nın 3 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin rəis müavini Çingiz Qurbanəliyev “Yeni Müsavat”a məlumat verdi ki, Ağacqala kəndinə 8 kilometr yol çəkilib:

“Əvvəllər kənd camaatı çox əziyyət çəkirdi. Gördüyünüz bu yol da yoxuydu. Gədəbəy tərəfdən 1300 kilometr yol gedərək Ağacqalaya gəlirdilər. İnsanlar doğrudan da çətinliklərlə üzləşirdi. Bunun qışı, qarı var”.

Ç.Qurbanəliyev bildirdi ki, yeni yolun tikintisi üçün müvafiq təşkilatlarla müqavilə bağlanıb, böyük partlayış işləri aparılıb: “Dağlarda partlayışdan sonra həm daşlardan tikinti materialı kimi istifadə edilib, həm yol yatağı genişləndirilib.

Eyni zamanda yolun sağ tərəfindən yolun altına borular basdırılıb. Bu, yolu sudan mühafizə etmək üçün  həyata keçirilib”.

Rəis müavini söylədi ki, Ağacqalaya çəkilən 8 kilometr yoldan əlavə, 4 kilometr də kəndin içinə çəkilib: “Məktəbə gedən yol asfaltlanır, kəndin içində sakinlərin gediş-gəlişi asanlaşır”.

Daha sonra bu işlərin camaatı qane edib-etmədiyini soruşduq. Ağacqala sakini Əlişir kişi isə bizimlə söhbətində dedi ki, sovet vaxtından bəri palçıq, kələ-kötür yoldan istifadə edilib:

“Bala, gedib-gəlmək çətin idi. Qarda-çovğunda maşınlar heç getmirdilər. Sağ olsunlar, təzə yol açdılar, indi Tovuza gedi-gəlmək rahatlaşıb, palçıqdan, qardan da canımız qurtarıb”.

Kənd sakini Güllü xanım isə 60 ildir Ağacqalada yaşadığını bildirdi. Onun dediyinə görə, yeni yol çəkilənə qədər gedib-gəlmək zülm olub: “Maşınlar təzə yoldan istifadə edirlər, Gədəbəy tərəfə getməyə ehtiyac qalmır”.

Daha sonra Tovuzun digər dağ kəndi, yolsuzluqdan xeyli müddət əziyyət çəkmiş Sarıtalaya yollandıq. Buranın bərbad yolları yenidən qurulub, asfaltlanıb.

3 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin rəis müavini Çingiz Qurbanəliyev Sarıtala kəndində görülən işlər barədə danışarkən qeyd etdi ki, hazırda Qoçdərə-Sarıtala yolunda dayanmışıq:

“Bu yol əvvəllər bərbad idi, yalnız iri maşınlar hərəkət edə bilirdi. Yolun uzunluğu 9,1 kilometrdir. Onun 7,1 hissəsinə artıq asfalt vurulub.

Yerdə qalan 2 kilometrə isə tikinti normalarına əsasən asfalt vurmaq mümkün deyil. Bununla belə, məruzə olunub, həmin 2 kilometrə asfalt vurulması məsələsinə baxılacaq”.

Kənd sakinlərinin sözlərinə görə, Sarıtala yollarının asfaltlanması çox əlverişlidir: “Yolumuz qısalıb, maşınlar zülmlə 1 saata gedirdilər, indi 15 dəqiqəyə gedib çatırıq”.

Sarıtala sakini Seyid Kazımov bu işdə əmək sərf edən şəxslərə təşəkkür etdi: “Əhali çox razıdır. Başda prezident olmaqla zəhməti olan şəxslərə minnətdarıq. Çünki əvvəl bu yolu 1 saata gedib çatardıq, indi 15-20 dəqiqəyə gedirik”.

Sarıtala sakini Qədim Məmmədov isə bildirdi ki, yolun asfaltlanması Tovuzun Haçaqaya ziyarətinə gedənlərin də işini yüngülləşdirib:

“Haçaqaya ən sınanılmış ziyarətgahdır. Çox gözəl, 10 metr enliyində yol düzəldilib. Hətta Gürcüstandan, Türkiyədən də ziyarətə gələnlər var. Əvvəl ziyarətgaha atla gedib gəlirdilər, heç maşınla gedə bilmirdik…”

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org