Tovuzda toyu təxirə düşən 14 yaşlı qız danışdı

  • By Ayshan
  • 16 Dekabr 2025 19:07

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb

Gununsesi.info “Teleqraf”a istinadən xəbər verir ki, N.Əsgərova açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib:

“Sadəcə “Hə” mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. “Hə” almağa gəlmişdilər, o da baş tutmadı”.

N.Əsgərova oğlan evi tərəfdən cəmi beş-altı nəfərin gəldiyini deyib: “Qeyd elədiyim kimi, “hə” almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı”.

N.Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:

“Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur”.

Gununsesi.info