Toy keçirilən məkanlara dair tələblər müəyyənləşdi

  • By admin
  • 11 Avqust 2021 17:00

Şənlik mərasimi keçirilən məkanlara olan tələblər açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu, səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin təsdiq etdiyi “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər”də əksini tapıb.

Sənədə əsasən, şənlik mərasimi keçirilən məkanlara olan tələblər aşağıdakılardır:

-şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;

-şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;

-gigiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;

-girişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların olması;

-girişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız termometrlərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;

-təmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və havalandırılması;

-xidmət edən personalın gigiyena qaydalarına riayət etməsi, COVID-19-a xas olan əlamət(ləri) hiss edən (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) əməkdaşların işə buraxılmaması;

-xidmət edən personalın növbəli iş rejimində eyni tərkibdə fəaliyyət göstərməsi;

-şənlik mərasimi keçirilən məkanların mətbəxlərində “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş qaydalara riayət edilməsi

-şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi etməsi.