Gürcüstanda toyların, yas mərasimlərinin və bu kimi yığıncaqların qarşısının alınması üçün ölkənin Əmək Müfəttişliyinə yeni haqlar verilib.
Gununsesi.info Gürcüstan mediasına istinadla xəbər verir ki, ölkədəki Əmək Müfəttişliyinin işçiləri artıq toyların, yas mərasimlərinin və bu kimi yığıncaqların qarşısını əvvəlcədən də ala biləcəklər.
Bu günədək Əmək Müfəttişliyinin işçiləri yalnız toy, yas mərasimləri və bu kimi yığıncaqlar baş verdiyi an müdaxilə edə bilərdilər, lakin yeni qərara əsasən, onlar xəbər tutulduğu zaman həmin yığıncaqlar baş tutmamış müdaxilə edə və keçirilməsinə mane ola bilərlər.
Bundan başqa, şimal-qərb qonşumuzun Əmək Müfəttişliyinin işçiləri mərasimin keçirildiyi obyekti əvvəlcədən bağlaya, içərisində olan və yığıncaq üçün nəzərdə tutulan əşyaları möhürləyə bilərlər. Həmçinin, bağlanan obyektə möhürü qıraraq icazəsiz girmək və ya içərisində möhürlənən əşyaları icazəsiz götürmək qanunla qadağan edilir və qeydə alındığı təqdirdə cinayət işi açılacaq.
Xatırladaq ki, Gürcüstan Koordinasiya Şurasının verdiyi yeni qərara əsasən restoran və banket zaallarında toylar, yas mərasimləri və bu kimi tədbirlər keçirildiyi təqdirdə məkan sahibləri birinci dəfə 10 000 lari dəyərində cərimələnir, ikinci dəfə isə eyni hal təkrar olunarsa ozaman obyektin fəaliyyəti dayandırılır.
Gununsesi.info