Toya dəvət ədabazlığı: "Bu, özünü aşağılamaqdır"

Son vaxtlar doğum günü, toy, nişan və digər özəl günlər üçün hazırlanan dəvətnamələrin üzərində mətnlərin ingilis dilində yazılması halları artmaqdadır.

Bu ənənə xüsusilə şou-biznes nümayəndələri arasında daha çox diqqət çəkir.

Elə bu yaxınlarda müğənni Günay İbrahimli də doğum günü dəvətnaməsini ingilis dilində hazırlayıb.

Günay İbrahimlini tanıyan həmkarından biri Gununsesi.info-ya deyib ki, o, ümumiyyətlə, ingiliscə danışa bilmir.

İngilis dilindən bixəbər olan Günay İbrahimli Azərbaycanda təşkil etdiyi doğum günü məclisinə dəvət etdiyi yaxınlarına əcnəbi dildə dəvət yollaması sosial şəbəkələrdə də qınaq obyektinə çevrilib.

Xarici dillərə maraq anlaşılan olsa da, dövlət səviyyəsində Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı çağırışların artdığı bir dövrdə bu məsələ cəmiyyətdə müzakirələrə səbəb olur.

Maraqlıdır, özəl günlərdə xarici dilə üstünlük vermək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, bəziləri özlərini guya başqalarından üstün və fərqli göstərmək üçün belə gülünc addımlara əl atırlar:

” Çox mənfi bir tendensiyadır. Bu, ilk növbədə insanın öz milli dəyərlərinə, ana dilinə və azərbaycançılığına hörmətsizliyidir, hətta müəyyən mənada özünü aşağılamaqdır.

Öz həmvətənlərinə xarici dildə müraciət etmək, nəsə yazmaq və ya paylaşmaq doğru deyil. Xarici dildən yalnız əcnəbilərlə ünsiyyətdə istifadə etmək məntiqlidir və bu, dünyada qəbul olunmuş normadır.

Hər xalqın öz ana dili, dövlət dili var və bütün ictimai məsələlər məhz həmin dildə aparılmalıdır. Belə hallar ictimai qınaq doğurmalıdır. İnsanlar haqlı olaraq sual verməlidir: nə haqla milli dəyərlərimizə laqeyd yanaşılır, niyə öz dilimiz bəyənilmir?

Bir azərbaycanlıya ingilis, rus və ya başqa dildə müraciət etməyin nə ehtiyacı, nə də əsaslı məqsədi var. Bu, müəyyən psixoloji kompleksin göstəricisi kimi görünür və cəmiyyət tərəfindən normal qarşılanmamalıdır.

Dövlət səviyyəsində də bu məsələ dəfələrlə vurğulanıb. Cənab Prezident çıxışlarında dövlət dilimizin qorunmasının vacibliyini xüsusi qeyd edib. Təbii ki, xarici şirkətlərlə əməkdaşlıq və ya əcnəbilərlə əlaqə zamanı xarici dildən istifadə etmək normaldır.

Lakin ölkə daxilində, öz aramızda ana dilimizi qorumalı və yaşatmalıyıq”.

Sosioloq qeyd edib ki, təəssüf ki, son vaxtlar yalnız xarici dildə yazmaq deyil, eyni zamanda dilimizdəki sözlərin başqa dillərin sözləri ilə əvəz olunması halları da artır:

“Bu, qəbulolunmazdır və milli-mənəvi dəyərlər sistemimizə hörmətsizlikdir. Öz xalqına, vətəninə və dövlətinə sayğı göstərən hər kəs ana dilinə də eyni hörməti göstərməlidir. Belə hallara son qoyulmalı, insanlara izah edilməlidir ki, bu cür davranışların heç bir üstünlüyü və mənası yoxdur”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info