“Toylar sənətimizi əlimizdən alıb” - CAVAN ZEYNALLI EFİRLƏRDƏN DƏ NARAZIDIR

  • By admin
  • 28 İyul 2016 10:37

6fcf43fc-bfa1-44c0-a850-a5842fa12a1a

 

Müsahibim “Qaya” Dövlət Ansambldakı ifaları ilə həm tanınıb, həm də yaddaşlarda qalıb. Gözəl ifası, pianoda etdiyi professional caz improvizələri və daim şən əhval-ruhiyyəsi bu gün də onu unutmağa mane olan amillərdəndir. Qalmaqaldan uzaq, özünü bütünlüklə sənətinə,  ailəsinə həsr edən Cavan Zeynallı elə Gununsesi.info-ya da maraqlı müsahibə verib. Son zamanlar efirlərdən uzaq düşən Əməkdar mədəniyyət işçisi ilə müsahibəmiz də bu sualla başladı.

-Cavan müəllim, bir müddət sizi efirlərdə görmədik. Biz sizi unutmuşduq, yoxsa, siz bizdən imtina etmişdiniz?

-Efirlərimizdən çox narazıyam, səviyyə çox aşağıdı. Əvvəlki illərlə müqayisə edəndə  görürəm alınmır, boşluq var. Aparıcılar qəribə-qəribə suallar verir, verilişlərdə özümü çox narahat hiss edirəm. Ona görə düşündüm ki, efirlərdən uzaqlaşım, çünki özümü orda görmürdüm. Mən zamanında elə insanlarla oturub- durmuşam ki, indi heç cür bu boşluğu qəbul edə bilmirəm. Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Moqamayev… görün o vaxt necə sənətkarlar olub. İndi isə əsl sənətlə məşğul olan yoxdur. Efirdən uzaqlaşandan sonra mənə əziz olan bir şəxs  dedi ki, Cavan, olmaz,  efirə qayıtmalısan, bizim sənə ehtiyacımız var. Mən o şəxsin dediklərinə qulaq asdım və yenidən qayıtmağa razılıq verdim…

-Deyirsiniz ki, indi əsl sənətlə məşğul olan azdır. Nədir səbəb?

-Toylar bizim sənətimizi əlimizdən alıb. İndiki müğənnilər hamısı toya gedir. Mən toya bir iradım yoxdur, getsinlər, toy da gözəldir, mən özüm də hərdən iştirak edirəm, amma belə yox. Nə qədər toya getmək olar? Hər gün  toya gedən insan sənətlə məşğul ola bilməz. İndikilər daha çox qalmaqal yaratmaqla məşğuldur. Bir-birilərinə söz atırlar, bəzən təhqir edirlər. Sənət tamam başqa şeydi. Gərək hərtərəfli- həm özünü, həm də səsini  qoruyasan. İfaçılığı sevən insan gərək siqaret çəkməsin, içki içməsin bunlar hamısı səsi korlayır. Amma  bəzən Allah istedadı elə verir ki, siqaret də bir şey edə bilmir. Gözəl vokal ifaçısı Müslüm Moqamayev vaxtında çox siqaret çəkərdi, amma dünyasını dəyişənə qədər möhtəşəm boriton səs onu tərk etmədi. Misilsiz insan idi. Allah rəhmət eləsin!

 -Caz sizin yaradıclığınızın ayrılmaz hissəsidir. Bu gün kifayət qədər caz ifaçılarımız  olsa da, xalq onları tanımır. Sizcə, niyə?

-Caz ifaçıları sərbəstliyi çox sevir. Onlar daha çox özlərini sənətə həsr etməyi sevirlər. Efirlərimiz onlara görə deyil. İndi onlara qulaq asan dinləyici kütləsi çox azdır. Ona görə caz ifaçılarını gecə saat 2-də ya da 3-də verirlər. Amma deyəsən, bu, işə yarayır, çünki mənə xaricdən zənglər gəlir. Sən demə burada gecə olanda, orada gündüz olur və onlar qulaq asa bilirlər. Bəzən zəng vurub deyirlər ki, sənin filan ifanı dinlədik, deyirəm,  xəbərim yoxdur, o vaxt mən yatıram(gülür)…

-Vaqif Mustafazadə ilə keçən illəri necə xatırlayırsınız?

-Vaqif Mustafazadə mənim gözəl dostum idi. O, məni çox sevirdi,  qardaş kimi idi.  Pianoda çox gözəl ifa edirdi. Onun paxıllığını çəkənlər çox idi. Unikal piano ifaçısı idi. Azərbaycan , Amerika stilində caz improvizələrini  mahir ifa edərdi. Muğamımıza dərindən bələd idi, bu istedad ona Allahdan verilmişdi.  Güclü eşitmə qabiliyyəti var idi. Əsərin çətinliyindən asılı olmayaraq eşitdiyini oturub təkrarlaya bilirdi. Heyf o illərdən, yadıma düşəndə qəhərlənirəm…

-Ailə həyatı qurmaq yaradıcılığınıza təkan verdi, yoxsa, əksinə?

-Röya xanım olmasaydı,  mənim üçün çox çətin olardı. O, mənə  həm psixoloq kimi, həm də şair kimi yardım edir. Bizim ailə diskimiz də var. 12 mahnı bizim birgə müəllifliyimizlə yaranıb, çox gözəl musiqilərdi. İstədim onları  CD formatında üzə çıxardım,  amma sonra gördüm CD heç kimə lazım deyil. İndi zəmanə elədir ki, hamı  internetdən istifadə edir. Kimə CD verirsən, sənə gülür və qəribə baxışlarla sənə baxmağa başlayırlar. Amma əvvəllər bizə disk veriləndə sevinərdik. Unikal hədiyyə sayılırdı, hətta, sizə deyərdim bizim üçün  bayram idi. Çox qəribə zəmanədə yaşayırıq. Amma yenə də öz əhatəmdə olan insanlar üçün az sayda albom çıxarmaq istəyirəm.

-Yaradıcılığınızda nə kimi  yeniliklər var?

-Çoxlu sayda mahnılar üzərində işləyirəm. Eldar Mansurovla, Nazim Əhmədovla birgə çalışıram. Oqtay Rəcəbov və Tofiq Quliyevin  retro mahnılarından birini yeni aranjimanda ifa edəcəm.

-İstirahət barədə düşünürsünüzmü?

-Əlbəttə! İndi yaydır, insan istirahət etmək istəyir. Röya xanımla birgə Qusarda gedib dincələcəyik. Sonra artıq yeni ruhda, yeni enerji ilə sentyabrdan işlərimizə başlayacayıq. Əsas odur ki, can sağlığı olsun, qalan şeylər düzələr.

Sevinc Xeyrulla

Gununsesi.info