Toylarda kütləvi zəhərlənmələrin səbəbi - AÇIQLANDI

  • By admin
  • 09 Sentyabr 2019 13:36

Azərbaycanda baş verən qida zəhərlənmə faktları bir daha onu sübut edir ki, qida təhlükəsizliyi rejimləri daha çox ictimai iaşə müəssisələrində gözlənilmir.

Gununsesi.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, qida zəhərlənmələri faktlarının təxminən 95 faizinin laborator ekspertiza göstəricilərində insanların şəxsi gigiyena qaydalarına əməl etmədikləri məlum olub:

“Məhsul bütün təhlükəsizlik göstəricilərinə uyğun istehsal oluna bilər. Həmin məhsul düzgün daşına bilər, amma emal prosesi zamanı həmin şəxslər müvafiq sanitar-gigiyenik qaydalara əməl etməsələr, bunun nəticəsində insanların toy mərasimlərində kütləvi şəkildə mədə-bağırsaq pozğunluğuna səbəb ola bilər”.

Q.Təhməzli bildirib ki, aparılan audit və monitorinqlər nəticəsində ilkin istehsal müəssisələrində qida təhlükəsizliyinin gözlənildiyi, amma ictimai iaşə müəssisələrində isə əksinə olduğu aydınlaşıb:

“Bura insanların kütləvi qidalandığı müəssisələr, xüsusilə də şadlıq evləri, restoranlar, kafelər aiddir. Qida təhlükəsizlik sisteminin gözlənilməsi tək qidaların özünün keyfiyyəti ilə deyil, orada işləyən şəxslərin özünün şəxsi gigiyena qaydalarına əməl etməmək faktı ilə bağlıdır”.

Gununsesi.org