Toyun-yasın avara qoyduğu insanlar - VƏ YA SOSİAL ŞƏBƏKƏLƏRDƏ PAYLAŞILAN BAHALI TOYLARA SÖZARDI

  • By admin
  • 19 Aprel 2017 16:37

esmira

Xeyir-şər məclisləri həmişə olub. Məntiqə əsaslansaq deyə bilərik ki, insanlar bir-birlərinin sevinc və kədərlərinə bütün yaşam boyu şərik olublar. Kiminsə evində toy çalınıbsa sevincini, ölüsü düşübsə, kədərini bölüşüblər. Bunu insanlıq tələb edib, adətlər yaranıb və cəmiyyət inkişaf etdikcə dəyişərək hazırkı formasını alıb. Əvvəli xeyirxah motivlərə söykənsə də, hazırkı “Eybəcər” formasını. Niyə? Mən qarışıq hamınız şahidiq ki, toy mövsümünə start veriləndən sonra evlərdə dava-dalaşlara, qovğalara da start verilir. Birincisi, toy etmisənsə, imkanın oldu olmadı, sənin xeyir şərində iştirak edən adamın borcunu qaytarmalısan, ya əgər  toy etməmisənsə, xeyir məclisinə getməlisən ki, sabah dalınca da gələn olsun. Əslində, toya gedib kiminsə toyuna nəmər yazdırmaqla toy sahibini bəxtəvər də etmirik. İmkanlı adamları bilmirəm, kasıb və orta təbəqənin toylardan qazancı çox vaxt ömür boyu üstünə düşən borclar olur. Yemək-içməyin, müğənnilərin, çəkiliş edən operatorun, dizayn, şadlıq evinin haqqını ödəyəndən sonra toy sahibinə ancaq nəmər yazılmış dəftər qalır. Bir də  toydan borclu çıxmamısansa, elə toyun sevincinə bərabər sevinc.

Yaxın adamlarımdan biri iki il əvvəl  qızına toy edərkən borclu düşdüyü üçün banklardan kredit götürdü. Dollarla. Dolların kursu artandan sonra ödəniş edə bilmədi. Banklar o qədər evinə, iş yerinə gəlib hədə-qorxu gəldilər  ki, yazıq işini atıb Bakıya köçdü. Eşitdiyimə görə indi kafelərin birində xadimə işləyir.Halbuki rayonda mərkəzi xəstəxanada baş tibb bacısı idi.  Qızına cehiz kimi verdiyi ,amma kreditini ödəyə bilmədiyi bəzi  elektrik mallarını da mağaza sahibləri gəlib gəlinin evindən apardılar…

sadliq_sarayi_041

… İki il əvvəl ətin qiyməti 5-6 manat idi. İndi isə 10-11 manat. Ərzaq məhsullarının düşməyən qiyməti bu ilki toy mövsümündə toy sahiblərinin canına yaman vəlvələ salıb. At ,eşşək, nə bilim nə əti–şadlıq evlərinin sahibləri bu bahalıqdan bu cür çıxacaqlar yəqin. Yoxsa ki, nələrinə lazım kiloqramı 11 manatdan ət alsınlar, adambaşına qiymət habalaşsın, müştəri azalsın….

Bu günlərdə qonşumuzda toy çalınacaq. Amma nə qız tərəfində, nə oğlan tərəfində şadlıq ab-havası yoxdur. Elə qonşularda da. Bağ-bağat mövsümü də deyil ki, nəsə satıb pul etsinlər. Amma adətdir, gərək tapıla, pul da atıla.

Toylarımız kimi üzrlərimiz də bizi üzür. İndi kimin qapısında ölüsü düşürsə, həmin məclisi yola verən də elə ölü vəziyyətinə düşür. Qapısındakı son sağmal inəyini satıb hüzr məclisini yola verənlər o qədərdir ki…Vallah xətirlərinə dəyməsəydi, əlindəki nişan üzüyünü, qapısındakı son heyvanını satanların, böyük faizlə kreditə girənlərin adlarını yazardım… Amma bu yazmağla nəyi dəyişə bilərəm?Biz buyuq. Bahalı toy-yas buyunduruğunu boynumuza elə keçirmişik ki, ilgəyi boğazımızı kəsir. Sosial şəbəkələrdəki bahalı, dəbdəbəli toyların, məclislərin görüntüləri də bir yandan balalarımıza dərd, bizə ürək ağrısı verir.

24013

Bəlkə baş verən intiharların bir səbəbi də xeyir-şər məclislərimizin bizi borclarıyla ölümə sürükləməsidir. Təəssüf, cox təəəssüf ki, bu günkü sosial həyatımızın aynasında qırmızı ilə qara bir –birinə qarışıb. Sevinməli ikən dərd çəkməyə özümüz özümüzü məhkum etmişik. Adətlərimizlə. Yorğanımız ayağımıza gəlmirsə, adyalla kifayətlənə bilərik axı. Yetər ki,canımız sağ olsun…

Esmira İsmayılova

Bakı-Lənkəran

Gununsesi.info