Tramp 2020-ci il üçün 1.4 trilyon dollarlıq büdcəni təsdiq etdi

  • By admin
  • 22 Dekabr 2019 10:24

Gununsesi.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp federal höküməti gələn ilin sentyabr ayınadək maliyyələşdirəcək iki büdcə layihəsini imzalayıb və beləcə hökümətin bağlanmasının qarşısını alıb.

Ümumi dəyərləri 1.4 trilyon dollar olan büdcə layihələrinə mülki hökümət işçilərinin maaşına 3.1 faizlik artım daxildir.

Tramp imzaladığı 38 milyard dollarlıq müdafiə büdcə layihəsi ilə fəza qüvvəsinin yaranmasını və federal işçilərin 12 həftəlik valideynlik məzuniyyəti ilə təmin olunmasını təsdiq edib.

Respublikaçıların nəzarət etdiyi Senat çərşənbə axşamı 738 milyard dollarlıq müdafiə büdcəsini təsdqiləyib. Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası qanun layihəsini ötən həftə qəbul etmişdi.

Bu qanun layihəsi nəticəsində Demokratların təklif etdiyi valideynlik məzuniyyəti müqabilində ABŞ ordusunda Trampın təklifi ilə altıncı qol olaraq fəza qüvvəsi yaradılacaq. Valideynlik məzuniyyəti çərçivəsində 2 milyona yaxın federal dövlət işçisi Amerika tarixində ilk dəfə olaraq övladları dünyaya gələn zaman 12 həftəlik ödənişli məzuniyyətə çıxa biləcəklər.

ABŞ-ın Fəza Komandalığı və Hava Qüvvələrinin Fəza Komandanlığının komandiri general Con Reymond ordunun yeni qolunu “milli səviyyədə kritik” adlandırıb və deyib: “Amerikanın fəzadakı liderliyi bütün dünyada rezonans yaradıb. Səhv anlaşılmasın. Birləşmiş Ştatlar hazırda bütün dünyada fəzada ən çox irəliləyiş əldə edən ölkədir”.

Reymon bildirib ki, hələ də fəza qüvvəsi ilə bağlı çox sayda sual var və buna fəza qüvvəsinin üzvlərinin nə adlandırılacaqları, formalarının necə olacağı kimi suallar daxildir. “Bu bizim ölkəmiz üçün çox vacibdir”, o deyib.

Müdafiə nazirinin fəza siyasəti üzrə müavini Stefen Kitay deyib ki, “fəza bizim həyat tərzimiz və ordumuz üçün mühümdür və insanlar bunu dərk etməlidirlər”.

Fəza qüvvəsinə 16 minə yaxın hərbi və mülki personal təyin olunacaq. Buna aktiv olaraq fəza ilə əlaqədar tapşırıqlar yerinə yetirən 2500 hərbi operator, 6200 hərbi qulluqçu və 3400 mülki vətəndaş daxil olacaq.

Hazırda əsasən fəza qüvvəsi funksiyalarını yerinə yetirən ABŞ Hava Qüvvələrinin bəzi bazalarının adları dəyişdilərəcək. Bu bazalar arasında Piterson Hava Qüvvələri Bazası, Bakli, Patrik və Vanderberq Hava Qüvvələri Bazaları yer alır.

Onların yeni adlarının nə olacağı hələ ki, bəlli deyil.

Yeni qüvvənin missiyası hazırkı Milli Müdafiə Strategiyasına uyğundur. Bu strategiyaya əsasən, Çin və Rusiya ölkənin ən böyük rəqibləri olaraq dəyərləndirilir. Onların fəzada qüvvələrinin olmasına baxmayaraq, peykləri var və fəza ilə fəzadakı resurslarından ABŞ-a qarşı istifadə edə bilərlər.

 

 

Gununsesi.org