
ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın Milad görüşməsində çəkilmiş ailə fotosunda yer almaması söz-söhbətlərə səbəb olub.
Gununsesi.info-nun məlumatına görə, Donald Tramp müxtəlif ittihamlarla ona qarşı açılan məhkəmə iddialarına baxmayaraq, gələn il keçiriləcək prezident seçkilərində yarışmağı hədəfləsə də, keçmiş birinci xanımın bir müddətdir ki, görünməməsi diqqət çəkir.
Daha əvvəl seçkilərdə ərini dəstəklədiyini açıqlayan Melaniya Tramp ailənin Milad şam yeməyindəki ailə fotosuna daxil edilməyib. Kiçik Donald Trampın nişanlısı Kimberly Guilfoyle tərəfindən paylaşılan ailə fotosunda Tramp ailəsinin üzvləri kadra daxil olarkən bütün gözlər Melaniya Trampı axtarıb.
Keçmiş birinci xanımın dəbdəbəli qolf klubunda keçirilən gecəyə qatılıb-qatılmaması məlum deyil. Ailənin izləyiciləri sosial şəbəkədə “Melaniya haradadır?” sualını verir və cavabını axtarır. “The Telegraph” qəzetinə danışan mənbə bildirib ki, 53 yaşlı keçmiş model Milad bayramını xəstə anası ilə keçirib.
“The Telegraph” qəzetinə danışan “Mar-a-Lago: Inside the Gates of Power at Donald Trump’s Presidential Palace” kitabının müəllifi jurnalist Laurens Limer, “Melaniya Tramp qapalı, təcrid olunmuş həyat sürür. Onun harada olduğunu yaxınları belə bilmir. Bu, sirr kimidir” deyib.
Melaniya Tramp ərinin son seçki kampaniyası səfərlərində iştirak etməyib. Keçmiş birinci xanımın Donald Trampla daha çox diplomatik tədbirlərdə iştirak etmək üçün razılıq əldə etdiyi və nikah müqaviləsini də yenilədiyi iddia edilir.
Gununsesi.info