Xəbər verdiyimiz kimi, Donald Tramp daha bir strateji posta – Dövlət katibi vəzifəsinə namizəd irəli sürüb.
Bu, Marko Rubiodır. O, da Respublikaçılar Partiyasının “şahinlər” qanadına aiddir.
O, hətta Uoltsdan da sərt və Ukraynapərəst mövqeyilə seçilir. Kubalı mühacirlər ailəsindən çıxan Rubio öz imicini dünyada avtoritar hökumətlərin devrilməsini dəstəkləmək üzərində quran siyasətçidir.
Senatda Kəşfiyyat Komitəsinin sədr müavini, eyni zamanda Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü olan Florida ştatının senatoru Marko Rubio ABŞ-nin Dövlət katibi kimi Trampın xarici siyasətinə görə əsas cavabdeh şəxs olacaq.
İndi onun namizədliyi həmkarları, xüsusən də Florida ştatından olan digər senator Rik Skott tərəfindən açıq şəkildə dəstəklənir və təsdiqlənir.
“O (Rubio) dünyada Amerika liderliyini bərpa edəcək” deyən Skott həmkarının iradəli siyasətçi olduğunu deyib.
Rubionun dövlət katibliyi gələn ilin əvvəlində Konqres tərəfindən təsdiqlənməlidir.
Trampın Nümayəndələr Palatası və Senatda tam nəzarətə malik olacağını nəzərə alsaq, onun kadr qərarları problemlərlə üzləşməyəcək.
Qeyd edək ki, Rubio bir neçə dəfə Ukraynaya səfər edib.
O, 2024-cü ildə Ukraynaya yardım paketinə birmənalı səs və dəstək verən azsaylı respublikaçılardan olub.
Rubio Ukraynaya dəstəyin vacibliyində israr edib və hətta buna qarşı çıxan partiya yoldaşlarını açıq şəkildə tənqid edib.
Doğrudur, son zamabnlar Rubionun müharibəni bitirmək yolları ilə bağlı ritorikası bir qədər yumşalıb.
Lakin yenə də o, partiyasının Ukraynanı birmənalı dəstəkləyən qanadında qalmaqdadır.
Rubio Azərbaycanla bağlı da bir neçə bəyanatın müəllifidir.
Günay Mahirqızı