Tramp irqçi şüarın əks olunduğu video paylaşdı

ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabından ölkədə ağların üstünlüyünə inanan irqçi qrupların istifadə etdiyi “Ağlara qüvvət” şüarı ilə video paylaşıb.

Gununsesi.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Florida ştatında təqaüdçülərin yaşadığı bölgədə tərəfdarlarının hazırladığı videoya “Qəsəbənin gözəl insanlarına təşəkkür edirəm” deyə rəy yazıb.

Videonun əvvəlində Trampın plakatları və bayraqları asılmış qolf maşınını idarə edən bir tərəfdarın “Ağlara qüvvət” şüarını səsləndirməsi eşidilir.

Videonun qalan hissəsində Tramp tərəfdarları ilə onların əleyhdarları arasında baş verən mübahisələrin görüntüləri, müxaliflərin onun tərəfdarlarına “nasistlər” və “irqçilər” deyə müraciət etməsi yer alıb.

Sosial mediada mənfi reaksiya səbəbindən Tramp sözügedən paylaşımını silib.

Ağ Evdən məsələyə belə münasibət bildirilib:

“Dövlət başçısı Tramp qəsəbə əhalisinin pərəstişkarıdır. Videodakı çağırışı eşitməyib, onun gördüyü çox sayda tərəfdarlarının böyük həyəcanı olub”.

 

 

Gununsesi.org