“Tramp Moskva-Tehran-Ankara birliyini çökdürməyə çalışır”

  • By admin
  • 11 Aprel 2018 17:54

Yaxın Şərqdə, xüsusən də Suriyadakı böhranın tənzimlənməsi məqsədi ilə yaradılan Moskva-Tehran-Ankara birliyinin fəaliyyəti  heç də  Vaşinqtonun ürəyindən olan bir format deyil.

Bu birliyin fəaliyyətindən narahat olan Tramp administrasiyası bu formatın gələcək fəaliyyətini əngəlləmək və onun uğru qazanaraq revanş əldə etməməsi üçün müxtəlif metodlardan istifadə edir.  Ağ Ev ilk olaraq Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarını  daha da sərtləşdirir,  eyni formatı  Tehrana da qarşı tətbiq etməklə yanaşı, nüvə sazişində çıxmaqla təhdid edir. Türkiyəyə gəldikdə isə Ankaranı Moskva və Tehranla əməkdaşlıq etməkdən çəkindirici  diplomatik təzyiqlərdən istifadə etməklə, maliyə fond birjasını çökdürməyə çalışır.

Yaranmış durumla bağlı Gununsesi.info-ya açıqlama verən Şahin Cəfərli bildirib ki, Trampın adekvat siyasəti nəticəsində artıq hər üç ölkənin milli valyutası sürətlə ucuzlaşmağa başlayıb: “Maliyyə fond bazarlarında bu ölkələrin  fond birjalarının indeksi aşağı düşməyə başlayıb və proses davam edir. “Yəni Trampın “Twitter” açıqlamasına  Rusiya ilə Türkiyənin fond və valyuta birjaları eyni cür reaksiya verib. Nəticədə Rusiya rublu və Türk lirəsi dollar və avro qarşısında son günlərin antirekordlarını təzələyib. Moskva və İstanbul birjalarının indeksləri düşüb”.

Ekspert əlavə edib ki, Rusiya maliyyə bazarındakı durumun səbəbi aydındır, sanksiyaların sərtləşməsi ilə əlaqədar əcnəbilər Rusiya aktivlərindən çıxmağa başlayıbar.

“Lirənin dəyərsizləşməsinə gəldikdə isə bu, bir neçə amillə əlaqədardır. Birincisi, xarici ticarət kəsirinin rekord həddə çatması, əcnəbi sərmayənin ölkədən çıxması, hətta yerli burjuaziyanın öz vəsaitlərini ölkə kənarına transfer etməsi, ikirəqəmli inflyasiya, ikirəqəmli işsizlik faizləri, Türkiyə iqtisadiyyatının geosiyasi risklərə aşırı həssaslığı və s”,- deyə Ş.Cəfərli qeyd edib.

İranın üzləşdiyi problemlərə gəldikdə isə ekspert bildirib ki, bu ölkədə də vəziyyət  ürəkaçan deyil: “İranın milli valyutası olan Rial ciddi şəkildə dəyərini itirib. Nəticədə hökumət inzibati tənzimləmə üsuluna əl ataraq sabit məzənnə təyin edib.  Bu inzibati tənzimləmədə çıxış yolu deyil.  Məcburi inzibati tənzimləmə  isə  ölkədə ciddi rezonansa və etiraza səbəb olub. İran hökumətinin milli valyutanı inzibati sabitləşdirməsi istiqamətində atdığı addım isə ölkə parlamentində ciddi tənqidə tuş gəlib. Aprelin 10-da İran Mərkəzi Bankının müdiri parlamentdə çıxış edərkən deputatlar  bu siyasət etiraz edərək, hətta kürsüyə hücum çəkiblər və bu zaman ciddi qarşıdurma yaranıb. İranlı parlamentarilər Mərkəzi Bank rəhbərini vaxtında tədbir görməməkdə günahlandırıblar. O isə yaranmış vəziyyətə görə xarici qüvvələri günahlandırıb”.

O əlavə edib ki, əgər Tramp bəyan etdiyi kimi  may ayında nüvə anlaşmasından çıxaraq İrana qarşı Obama dövründə ləğv olunmuş sanksiyaları bərpa edərsə, İranda böhran daha da dərinləşəcək.

Ş.Cəfərli onu da bildirib ki, bu günlərdə  ABŞ-da prezidentin yeni milli təhlükəsizlik müşaviri Con Boltonun öz  səlahiyyətlərini icra etməsi Trampı bu ölkələrə qarşı daha ciddi addımlar atacağını gözləmək olar.

“Trampın  son günlərdə Rusiya və  İrana qarşı daha sərt mövqe sərgiləməsində bu şəxsin müstəsna rolu var. Çünki   Bolton kəskin anti-Rusiya mövqeyə malik olmaqla bərabər İranla imzalanmış anlaşmanın qəti əleyhdarı  və bu ölkədə rejim dəyişikliyinin də qızğın tərəfdarıdır. O, sonuncu sanksiya qərarından əvvəl Rusiyaya qarşı indiyədək tətbiq olunmuş sanksiyaları da yetərsiz sayırdı. Bolton bildirirdi ki, sanksiyalar Putin rejiminin əsaslarını sarsıdacaq səviyyədə olmalıdır. İndi onun mövqeyi şübhəsiz ki, ABŞ-ın siyasətində hiss olunacaq və artıq hiss olunmağa başlayıb”,- deyə Ş.Cəfərli  qeyd edib.

Mürtəza

Gununsesi.info