ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Qarabağı tərk etmiş ermənilərə və regional sülhə dəstəyini bildirib. Bu dəstəyi Livandakı Kilikiya erməni katolikosluğunun başçısı I Aramla danışarkən ifadə edib.
Tramp ABŞ-də yaşayan ermənilərin “mütəşəkkil, fəal və güclü” icma olduğunu qeyd edib. I Aram, Trampın dəstəyinə görə ona təşəkkür edərək, yeni hökumətdə ABŞ ermənilərini təmsil edəcək şəxsin olmasının vacibliyini vurğulayıb.
Oktyabrda sosial şəbəkə paylaşımında Tramp indiki administrasiyanı, xüsusilə Kamala Harrisi Qarabağı tərk edən ermənilərə görə suçlayıb və prezident olarsa, Ermənistan-Azərbaycan münaqişəsinə son verəcəyini bildirib. Harris isə ABŞ ermənilərinə dəstəyini davam etdirəcəyini, Qarabağ ermənilərinin evlərinə “təhlükəsiz qayıtmaq” hüquqlarının olduğunu qeyd edib.
Amerika Erməni Milli Komitəsi indiki və keçmiş administrasiyaların fəaliyyətlərini kafi qiymətləndirib və Qarabağ ermənilərinin problemlərinə diqqət yetirilməsini alqışlayıb.