“The İndependent” qəzetində tanınmış Şərq məsələləri təhliçisi Peter Cockburn yazır ki, Tramp Səudiyyə Ərəbistanında etdiyi çıxışda faktiki olaraq ABŞ-ın sünnilərin tərəfində olduğunu bəyan edib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Riyada toplaşmış 55 müsəlman liderini öz ölkələrindəki terrorçuluğun kökünü kəsməyə çağırıb. O az qalıb ki, hətta İranda hakimiyyət dəyişiklliyinə də çağırsın, halbuki 2 gün bundan əvvəl İranda kifayət qədər ədalətli seçki keçirilib.
Cockburn yazır ki, Tramp Hizbullahı lənətləyib və Yaxın Şərqi parçalayan təmsili məzhəb müharibəsində ABŞ-ın şiələrə qarşı mübarizədə sünnilərin tərəfində olduğunu nümayiş etdirib. Lakin məqalədə deyilir ki, adətən ABŞ prezidentlərinin Yaxın Şərqə səfərlərinin təsiri həddən artıq şişirdilir və əslində deyildiyi qədər də böyük təsirə malik olmur.
Cockburn yazır ki, Barak Obamanın 2009-cu ildə Qahirədə etdiyi çıxış Trampın çıxışı ilə müqayisədə xeyli düşünülmüş və ölçülüb-biçilmiş nitq idi. Lakin həmin nitqdə də ABŞ-ın xarici siyasətində hər hansı dəyişikliyin olmadığı bildirilirdi. Əslində Trump-ın çıxışı da belə bir iz buraxacaq.
Məqalədə deyilir ki, Donald Tramp özünün ilk səfəri üçün ən avtokratik ölkəni seçib və orada onun çıxışı hökumətin nəzarətində olan media tərəfindən təbii ki, alqışlanacaq. Lakin əslində, Trampın Suriya, İraq, Türkiyə və İran haqqında dedikləri Obama-nın dediklərindən qətiyyən fərqlənmir.
Cockburn yazır ki, Trampın 55 müsəlman lideri öz ölkələrində terrorun kökünü kəsməyə çağırması da onların ürəyinə yağ kimi yayılacaq, çünki onlar terror deyəndə, ilk növbədə özlərinə qarşı olan hər hansı müxalifəti başa düşürlər.
Məqalədə deyilir ki, belə münasibət Misir prezidenti Əs-Sisi kimi liderlər üçün Müsəlman Qardaşlığı təşkilatının məhbəslərdə saxlanmasına yaşıl işıq olacaq.
“The İndependent” yazır ki, Trampın Yaxın Şərqdə insan haqları məsələsinə toxunmaması artıq bir çox təhlilçilərin tənqidinə tuş gəlib, lakin bundan da mühüm olanı, onun Ər-Riyadda ümumiyyətlə avtokratlar qarşısında çıxış etməsidir.
Səudiyyə liderlərinə gəlincə isə, onlar şəksiz ki, Trampın İranın terrorun başçısı olduğunu söyləməsini alqışlayırlar. Amma onun məhz bu bəyanatı Yaxın Şərqdəki münaqişələri daha da qızışdıracaq.
“Bütün bunları bəyan etməklə Tramp Birləşmiş Ştatları sünni və şiələr arasında qəddar münaqişəyə soxub” – yazır jurnalist.
Cockburn yazır ki, Trampın çıxışının Səudiyyə Ərəbistanı üçün daha bir aspekti də var. Tramp yaddan çıxarır ki, Yaxın Şərqdə əl-Qaida kimi təşkilatların təşəkkül tapmasında neft pullarını Vəhhabilik kimi təriqətin yayılmasına qoyan Səudiyyə Ərəbistanı müstəsna rol oynayıb.
İranın reaksiyası nə olub?
“The Express” yazır ki, Trampın Səudiyyə Ərəbistanında etdiyi çıxışa Tehran dərhal reaksiya verib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məsləhət görüb ki, Amerika 11 sentyabr terror aktını kimlərin törətdiyini, Dünya Ticarət Mərkəzinin qoşa göydələnini kimin uçurtduğunu yada salsın.
Məqalədə deyilir ki, indi 70 yaşlı Tramp Səudiyyə ilə 110 milyard dollarlıq silah müqaviləsi imzalamaqla Yaxın Şərqdə davam edən məzhəb münaqişəsinin qızışması üçün zəmin yaradıb.
Londonda yerləşən əl-Ərəbiyyə əl-Cədid xəbər şəbəkəsinə müsahibə verən Məhəmməd Cavad Zərif deyib: “Tramp əslində səudlarla terrorçuların və təkfirilərin regiondakı münaqişəni qızışdırmasının qarşısını almaq barədə dialoqa girməli idi”.
Zərif Trampa müraciətlə deyib: “Siz Dünya Ticarət Mərkəzini kimin yıxdığını öyrənə bilərsiniz. Çünki sənədlər sizdədir. Amma məxfi sənədlərdir. Orada bunu edənlərin səudlar olduğu yazılıb”.
Trampın daha bir adamı “Rusiya istintaqında”
“The Guardian” yazır ki, Trampın seçki kampaniyasının daha bir müşaviri Rusiya ilə əlaqələrə dair ifadə verməsi üçün Konqresin kəşfiyyat komitəsinə dəvət edilib.
Məqalədə deyilir ki, “The Guardian” qəzetinin sərəncamında olan məlumatlar ifadə verməyə dəvət edilənin Michael Caputo olduğunu göstərir. Caputo Trampın praymeri seçkiləri zamanı demək olar həmişə onunla olub. Bundan başqa, Caputo-dan onda olan bütün sənədləri könüllü şəkildə komitəyə təhvil verməsi istənib.
Bu barədə ilk məlumatları New York Times qəzeti yaymışdı.
FTB-nin keçmiş direktoru Robert Muellerə Tramp düşərgəsinin Rusiya ilə əlaqələrinin təhqiqatı tapşırılıb. Bu arada “Washington Post” xəbər vermişdi ki, Ağ Evin hazırkı əməkdaşlarından bir nəfər təhqiqat üçün “maraq” kəsb edir.
Məqalədə deyilir ki, bu hadisələr Trampın Səudiyyə Ərəbistanına səfəri ilə eyni vaxta təsadüf edir. Tramp bu səfərin əsnasında Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah sazişi imzalayıb.
“The Guardian” yazır ki, səudlarla qılınc rəqsi oynayan Tramp “səfər zamanı “radikal İslam” sözünü işlətməkdən çəkinərək səyahətinin birinci gününü problemsiz keçirib. Lakin “The Guardian” kinayə ilə yazır ki, onun yeni səhvlər buraxmaq üçün daha 8 günü var. O Səudiyyədən sonra İsrail, Vatikan, Brüssel və Sicilyaya yollanır. Trampın bu səfər ərzində NATO müttəfiqləri və Roma papası ilə görüşləri nəzərdə tutulub.
Caputoya gəlincə isə onun Trampın ziddiyyətli siyasi müşaviri Roger Stonela sıx əlaqələri var. Roger Stone 1990-cı illərdə Rusiyada işləyib.
Bundan əvvəl, mart ayında keçirilən Konqres dinləməsində millət vəkili Jackie Speier cənab Caputo-nun adını çəkib.
Keçmiş FTB direktoru James Comeynin də ifadə verdiyi həmin dinləmədə Speier qeyd etmişdi ki, Caputo qısa bir müddət Gazprom şirkətinin ictimai əlaqələri üçün işləyib və 2-ci arvadı ilə 2007-ci ildə Ukraynada, orada keçirilən seçkilərdə məsləhətçi olduğu vaxtlarda tanış olub.
“The Guardian” yazır ki, Speier-in qeydləri Caputonun da komitəyə verdiyi ifadənin ictimailəşdirilməsini tələb edir.
Caputonun cənab Trampın kampaniyası üçün işi 2015-ci ilin noyabrından 2016-cı ilin iyununadək davam edib və o, kampaniyanın rəhbəri Corey Lewandowski-nin işdən kənarlaşdırılmasını tənqid etdikdən sonra istefa verib.
Maraqlıdır ki, Klintonun mətbuat katibi Brian Fallon 2016-cı ilin 25 iyulunda Caputonun tvitlərindən birinə əsasən yazırdı: “Tramp iddia edir ki, Demokratik Partiyanın email-lərinə haker müdaxiləsinin arxasında ruslar dayanmır. Amma onun keçmiş müşaviri təsdiq edir ki, bu, belədir”.
Gununsesi.info