Tramp yeddi əsas ştatda Baydeni geridə qoydu – SORĞU

  • By admin
  • 01 Mart 2024 17:00

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkinin nəticəsini müəyyən edə biləcək ən azı yeddi ştatda hazırkı prezident Co Baydendən daha çox dəstəyə malikdir.

Gununsesi.info xəbər verir ki, bu, Bloomberg News/Morning Consult-un bu həftə açıqladığı sorğuda əksini tapıb.

Sorğu Baydenin yeddi əsas ştatda – Arizona, Corciya, Pensilvaniya, Miçiqan, Şimali Karolina, Nevada və Viskonsin ştatlarında Trampdan geridə qaldığını göstərib.

Ümumilikdə bu yeddi ştatda seçicilərin 48%-i Trampı dəstəkləyəcəyini, 43%-i isə Baydeni dəstəkləyəcəyini bildirib.

Trampın liderliyi Şimali Karolinada ən güclü olub. Seçicilərin 41%-i Baydenə, 50% -i isə Trampı dəstəklədiyini bildirib.

Trampın 2020-ci il seçkilərində qalib gəldiyi Şimali Karolina keçmiş prezidentin yeni sorğuda ən azı 50% dəstək aldığı yeganə ştat olub. Digər əsas ştatların heç birində namizədlərin heç biri səs çoxluğunun dəstəyini qazanmayıb.

Eyni zamanda, respondentlərin əhəmiyyətli bir hissəsi Baydenin yaşından narahat olduğunu, əhəmiyyətli bir hissəsi isə Trampın təhlükəli olduğunu bildirib.

Ümumilikdə, əsas ştatlarda hər 10 seçicidən 8-i 81 yaşlı Baydenin çox yaşlı olduğunu bildirib. Respondentlərin yarısından azı 77 yaşlı Donald Trampın yaşlı olduğunu bildirib.

Bir gün əvvəl ABŞ prezidenti Co Baydenin həkimi Kevin O’Konnor deyib ki, Amerika lideri rəsmi vəzifələrini yerinə yetirməyə qadirdir. Onun sözlərinə görə, hazırkı tibbi müayinə zamanı prezidentin səhhətində “yeni problem” aşkar edilməyib.

Gununsesi.info